Ziya Bünyadov prospekti bağlanır

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək. 

Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata əsasən, bununla bağlı olaraq Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

“Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə yalnız “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru istiqamətdə aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə işlər aparılarkən isə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC  I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın  işarələnməsi işlərinə aprelin 27-dən start verilmişdi. Bu gecədən etibarən isə “Oyunlar zolağı”nın yenidən rənglənmçəsi işlərinə start verilir. Eni 3,75 metr olan  “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin  şəkli çəkilib.  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.

Əlavə olaraq məlumatda bildilir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir.  

Bu çərçivədə Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi, Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri yenidən qurulur.

Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burda ümumilikdə 9500 kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq Xurşidbanu Natəvan küçəsində, təqribən 4600 kvadrat metr sahədə bu işlər yekunlaşıb. Rəşid İsmayılov küçəsində isə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə yenicə başlanılıb. İki gün ərzində burda da işlərin yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə hər iki küçə tam olaraq yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.

Artıq hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilir. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb və bu işlər davam etdirilir, bəzi yerlərdə isə səkilər asfaltlanır.

İşlər tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu təqribən 4 kilometr olan 4 küçəsində anoloji təmir-tikinti işləri həyata keçirilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərər anlayşla yanaşmalarını xahiş edir.

 

 

Google+ WhatsApp ok.ru