Üzlük dəyişən ustalar aksiya keçirdilər - VİDEO

Mayın 19-da Binəqədi rayonunda baş vermiş məlum yanğın hadisəsindən sonra ölkə rəhbərliyi binalardakı penaplast üzlüklərin sökülməsi tapşırığını verdi. Bundan sonra binaların üzlüklərinin sökülməsi prosesi başladı. İyunun 17-də Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən binalardan birinin üzlüyünü dəyişən ustalar məlum ərazidə aksiya keçiriblər.
 
Ustaların dediyinə görə, buna səbəb məvaciblərini ala bilməmələridir.
 
Ustalar deyir ki, soyadını bilmədikləri Rəhman adlı briqadirləri onlara bu gün saat 12-də gəlib, pullarını ödəyəcəyini deyib. Briqadirin gəlmədiyini görən iştirakçılar daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin qarşısına getməyi qərarlaşdırıblar. İcra hakimiyyətinə yollanan ustalar yolda briqadirlərindən biri ilə rastlaşıblar.Briqadir onlara pullarının alındığını deyib. Lakin pulları kimin almasına açıqlama gətirməyib.
 
Nərimanov Rayon İcra Hakimiyyətindən ustalara pullarının briqadirlərinə ödənildiyini deyiblər
 
Meydan Tv adıçəkilən briqadirlə əlaqə saxlamağa cəhd etsə də, o, zənglərə cavab verməyib.
 
Sonda aksiya iştirakçıları Meydan Tv-ilə əlaqə saxlayıblar.
 
Onların dediyinə görə, icra hakimiyyətinin müdaxiləsindən sonra briqadir pullarının az hissəsini ödəyib. Ustaların bəzilərinə isə, ümumiyyətlə, pul çatmayıb. Briqadir onlara bu ayın sonunu gözləməli olduqlarını bildirib.

Google+ WhatsApp ok.ru