ÖZÜNÜ UCUZ SATMA!

İmam Əli (ə) buyurmuşdur:

لَيْسَ مَنِ ابْتاعَ نَفْسَهُ فَاعْتَقَها كَمَنْ باعَ نَفْسَهُ فَاوْبَقَها؛

“Öz nəfsini alıb azad edən şəxs özünü satıb həlak edən şəxs kimi deyil!

(“Biharul-ənvar”, 74-cü cild, səh. 419.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) insanları iki qrupa bölür:

1. Öz nəfsini alıb azad edənlər;

2. Özünü satıb əsir edənlər.

Bu hədisdən belə anlaşılır ki, insan nəfsi başqasının mülkü sayılan bir köləyə bənzəyir və öz nəfsini alıb azad edən şəxs azad insan adlanır. Başqa sözlə, insan əsirdir, bəzən ehtiraslar, bəzən məqam və vəzifə, bəzən qadın və övlad, bəzən də xəyallar əsiridir. İnsan özünü bu əsirliklərdən azad etməli, özünü onlara sataraq əsirlikdə saxlamamalıdır.

Sual: Doğrusu, nə üçün bəzi insanlar özlərini satırlar?

Cavab: Belələri ya öz yüksək qiymətlərindən, özünün səma mələkləri və onların öndərlərindən üstün məqama ucalacağı, ondan da üstün Allahın yer üzündə xəlifə və nümayəndəsi olacağı kimi misilsiz məqam və bacarıqlarından xəbərsizdir, ya da öz nəfsi müqabilində aldığı qiymətin dəyərsiz olduğunu anlamır. Buna öz insanlıq kəramətini nəfsi istəklərinə satan, yaxud insan kəramətinin qiymətini bilməyən və yaxud nəfsi istəklərin dəyərsizliyini dərk etməyən insanı misal göstərə bilərik.

İmam Əli (ə) bir hədisdə belə buyurmuşdur: Sizin canlarınızın qiyməti ancaq cənnətdir. Buna görə də, onları həmin qiymətdən başqa heç nəyə satmayın.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 456.)

Bu hədisə əsasən, bu geniş aləmdə insan varlığının yalnız bir alıcısı və bir qiyməti vardır. Onun alıcısı böyük Allah, qiyməti isə Onun razılığı və behiştdir.

Bir sözlə, insanlar qeyd etdiyimiz iki zümrədən xaric deyillər! İndi isə baxmalıyıq ki, hansı zümrədənik!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru