Zığ sakinləri nədən narazıdır? - VİDEO

Maide.az "Virtualaz" saytına istinadən xəbər verir ki, dünən evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.
 
Aksiyaçılar əvvəlcə yolu kəsiblər və Abid Şərifovla görüş tələb ediblər. Lakin narazı sakinləri Abid Şərifov deyil, Şahin Salahov qəbul edib.
 
Əraziyə cəlb edilən polis əməkdaşları qadınları uzaqlaşdırmağa çalışıblar. Bu zaman qadınlarla polis əməkdaşları arasında mübahisə yaranıb. Polis əməkdaşı qadınlardan birini itələyib. Yerə yıxılan qadının vəziyyəti pisləşib.
 
Hadisə yerində olan təcili yardım həkimləri Cavanşir küçəsi, 10-dakı yataqxananın sakini, vəziyyəti pisləşən Dilarə Səfərovaya yardım edib.
 
Aksiya iştirakçısı olan Nərgiz Məmmədova bildirdi ki, bu gün Abid Şərifovun qəbul günüdür. Lakin A.Şərifov şikayətçiləri qəbul etməyib. Şikayətçiləri qəbul edən Şahin Salahov isə onlara yardım edə bilməyəcəyini deyib.
 
Ş.Salahov narazı sakinlərə köçürülmə və kompensasiya ilə bağlı məlumat verməyib.
 
Xatırladaq ki, evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri avqustun 27-də də Prezidenti Administrasiyasının (PA) qarşısında toplaşmışdı. 50-dən çox qəsəbə sakini rəsmi şəxslərlə görüş tələb edirdi. Onlar PA-nın qarşısındakı bağda oturaq aksiya keçirməyə qərar verdiklərini bildirmişdilər.
 
Polis aksiya iştirakçılarından dağılışmağı tələb etsə də onlar qərarlarında qəti olduqlarını söyləmişdi: “Biz baş nazirin müavini Abid Şərifovla görüş tələb edirik. Əgər Abid müəllim bizi qəbul etməsə, aksiyamızı davam etdirəcəyik. Bu dəfə Zığda fasiləsiz oturaq aksiya keçirəcəyik. Evlərimiz təhlükəli sürüşmə zonasındadır. Hər an başımıza uça bilər. Amma heç kim bizimlə maraqlanmır. Dəfələrlə gəlib baxıblar, o evlərdə yaşamağın təhlükəli olduğunu deyiblər. Amma problemə əncam çəkən yoxdur. Evi uçmaq üzrə olan ailələrin bir çoxu köçürülüb. Suraxanı Rayon İcra Hakimiyyəti o zaman vəd etmişdi ki, evindən köçürülən sakinlərə kirayə pulu veriləcək. Amma bu vəd də elə söz olaraq qalıb. Elə ailələr var ki, artıq 5 ildir, eləsi var 3 ildir, 2 ildir kirayələrdə yaşayır. Amma Suraxanı RİH onlara vəd etdiyi kirayə pulunu da vermir”.
 
Zığ sakin Ədibə Nəsirova deyirdi ki, 5 ildir Abid Şərifovla görüşə bilmirlər: “5 ildir Nazirlər Kabinetinin qarşısına ayaq döyürük. Zığ sürüşmə zonasında yaşayanların problemləri ilə maraqlanan yoxdur. Nazirlər Kabinetinə ünvanladığımız məktub Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilir. Sonra da bizi çağırıb məktubumuzla tanış edirlər, vəssalam. Daha problemə əncam çəkən yoxdur. Evlərimiz başımıza uçur, uşaqlarımızın həyatı təhlükədədir. Nazirlər Kabinetində Şahin Salahov dedi ki, məsələdən xəbərdarıq, amma 2008-ci ildən indiyədək heç kim köçürülmür. Yalnız 10-a yaxın ailə köçürülüb. Köçürülənlərin əksəriyyətinə kirayə pulu verilmir”.

 

Google+ WhatsApp ok.ru