İşsizlər və yarımştatlar...

İşsizlər və yarımştatlar...

«Novoye Vremya» qəzetində «İşsizlik əsas problemlərdən biridir, amma Səlim Müslümov başqa cür düşünür» sərlövhəli yazı diqqət çəkir.
 
Yazıda bildirilir ki, Azərbaycanda yarımştat çalışan çoxsaylı şəxslər var. Onların əksəriyyəti müəllimlər və tibb mütəxəssisləridir.
 
Müəllif hesab edir ki, ölkədə iş yerləri qıt olduğundan, onlar belə işləməyə məcburdurlar.
 
Daha sonra müəllif bu yaxınlarda İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının konqresində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun çıxışına toxunur. Yazıda qeyd edildiyinə görə, nazir orada deyib ki, Azərbaycanda iqtisadiyyat şaxələnir, yeni iş yerləri yaradılır, gənclər arasında işsizlik bəzi Avropa ölkələrindən də azdır. Müəllif nazirə xitabən yazır ki, manatın iki devalvasiyasından sonra Azərbaycanda işsiz vətəndaşların sayı daha da artıb:
 
«Bu gün iş yeri qıtlığı yaşanır. İşçi yerlərində ya kadrların ixtisarı, ya da maaşların azaldılması baş verir. Onlarla ailə qeyri-müəyyən müddətə tamamilə gəlirsiz qalıb».
 
Yazıda bildirilir ki, yeni yaradılan iş yerlərinin də bir çoxu müvəqqəti xarakter daşıyır:
 
«Bizdə nə üçünsə ləğv edilən vakansiyalar, bağlanan müəssisələr, mağazalar, istehsal sahələri, eləcə də orta və ali məktəblərdə ixtisarlar barədə məlumat verilmir. Buna görə də əmək bazarında durumun nə qədər dəyişdiyini anlamaq olmur».
 
Müəllif vurğulayır ki, hakimiyyət torpağı olan, amma bundan gəlir əldə etməyən kəndlini də işsiz saymır. Belə şəxsləri sayı isə 700 min nəfərə yaxındır. (azadliq.org)

Google+ WhatsApp ok.ru