1-2 mərtəbəli köhnə binalar dura-dura 5 mərtəbəli söküləcək

1-2 mərtəbəli köhnə binalar dura-dura 5 mərtəbəli söküləcək

Bakının 1-ci mikrorayonunun yenidən qurulması pilot layihəsinə görə,köhnə 5 və 9 mərtəbəli yaşayış binaları sökülərək, əvəzində 20 mərtəbəli yeni yaşayış binaları tikiləcək. . Bunun ardınca inşa ediləcək binalar isə 30 və 35 mərtəbəli olacaq. Bu, Nazirlər Kabinetinin planıdır.
 
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun mətbuata açıqlamasına görə, layihə özünü doğruldarsa, digər mikrorayonlar da yenidən qurulacaq. Tikinti işləri ümumilikdə 29 hektar ərazini əhatə edəcək. E.Əsədov bildirib ki, hazırkı durumda 1-ci mikrorayonda 29 beşmərtəbəli, 4 doqquzmərtəbəli və 1 dənə də 16 mərtəbəli bina var.
 
Bununla bağlı iqtisadçı ekspert Samir İsmayıl Facebook-da soruşur ki, görəsən Bakıda qəzalı və yararsız 1-2 mərtəbəli evlər, “gecəqondu”lar qaldığı halda niyə 5, 9 hətta 16 mərtəbəli binalar sökülür? O ikinci problemi də qaldırır ki,Bakı artıq seysmik ərazi deyil? Yəni belə hündürmərtəbəli binalar tikmək təhlükəli deyilmi?
 
“Tarix-mədəni və təbii irsi qoruma” QHT-lərin İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranovanın sözlərinə görə hər hansı layihəyə başlamamışdan əvvəl mütləq şəkildə həmin ərazinin infrastrukturu və geoloji cəhətdən uyğunluğu barədə elmi araşdırmalar aparılmalıdır. Aytəkin İmranova bildirir ki, Azərbaycanda belə araşdırmalar və heç bir müzakirə aparılmadan birbaşa tikintiyə başlayırlar. Ekspert deyir ki, məhz bu araşdırmalar aparılmadığı üçün tez bir zamanda həmin tikintilərin fəsadları ortaya çıxır.
 
Aytəkin İmranova qeyd edir ki, bu işləri həyata keçirən məmurlar vətəndaşları, rifahı deyil, başqa məqsədlər barədə düşünür. Ekspert bildirir ki, son vaxtlar insan faktoruna görə, uyğun olmayan yerdə və uyğun olmayan formada tikintilər aparıldığı üçün Bakıda sürüşmə zolaqlarının sayı artır. Aytəkin İmranova bildirir ki, layihələr həyata keçirərkən şəffalığa da əməl olunmalıdır ki, cəmiyyət bu barədə ətraflı məlumatlı olsun.
 
Daşınmaz əmlak və tikinti məsələləri üzrə ekpert Ramil Osmanlı bildirir ki, sözügedən ərazidə yaşayış binalarının sayı çox olduğu üçün və xaotik ərazi hesab olunduğu üçün infrastrukturun yenidən qurulmasına ehtiyac var.
 
Amma ekspert onu da qeyd edir ki, Bakıda şəhərsalma qaydalarına zidd formada inşa olunmuş 1-2 mərtəbəli yaşayış evləri qaldığı halda çoxmərtəbəli yaşayış binalarının sökülməsi o qədər də zəruri deyildi. Ramil Osmanlının sözlərinə görə amma buna baxmayaraq həmin ərazidə yeni hündürmərtəbəli binaların tikilməsi və infrastrukturun təzələnməsi estetik cəhətdən şəhər üçün normal haldır.
 
Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli deyir ki, Bakı seysmik ərazi olsa belə, aparılacaq tikintiqaydalara uyğun aparılarsa, seysmik dayanıqlılıq nəzərə alınarsa heç bir təhlükə olmaz. Onun sözlərinə görə memarbütün bunları nəzərə almalıdır.
 
Seysmoloq seysmoaktiv ərazi kimi Kaliforniyanı misal çəkir və bildirir ki, orda 35 mərtəbəli binalar tikilib və heç bir təhlükə yoxdur. Onun sözlərinə görə, əsas məsələ odur ki, tikinti seysmikliyə davamlı aparılsın. Belə olarsa heç bir problem və təhlükə olmaz. (azadliq.org) 

Google+ WhatsApp ok.ru