12 uşağı dərmandan bir gecədə necə `öldürdülər`...

"Təcili! Hamı paylaşsın! 3-12 yaşlı 12 uşaq qəflətən keçinib".
 
Dünəndən başlayaraq sosial şəbəkədə, eləcə də WhatsApp vasitəsilə bu məzmunda mesajlar yayılır.
 
Xəbərdə göstərilir ki, uşaqlar dərman preparatlarından baş verən allergiya nəticəsində dünyasını dəyişşiblər.
 
Mesajda deyilir: "Reaksiya o qədər ciddi olub ki, uşaqlardan heç birini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Onlar ya evdə, ya da xəstəxanaya gedərkən keçiniblər. Hazırda polis iş üzrə araşdırma aparır, amma bütün dərmanların satışdan yığışdırılması mümkün olmayıb. Məlum olub ki, uşaqların qəbul etdiyi bütün dərman vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib və təhlükəli saxta məhsuldur".
 
Uşaqların ölümündə şübhəli bilinən dərmanların siyahısı da verilib: "Amoksiçilin" ( АМОКСИЦИЛЛИН) həb, "Ubuprofen" sirop, "Аlhlofenak" "СУМАМЕД", "ИНГАЛИПТ", "АНТИСЕПТ", "ИНФЛЮЦИД", "ДЕТСКИЙ ПАНАДОЛ", "САНАСОЛ".
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.org saytına deyib ki, yayılan xəbərlərin əsası yoxdur: "Eyni məzmunlu məlumat 2 il əvvəl Gürcüstan, Qazaxıstan və Rusiyada da yayılıb. Lakin araşdırma zamanı dərmanların əks təsiri təsdiqini tapmayıb. Maraqlıdır ki, hər iki ildən bir bu məlumatı paylaşırlar".
 
S.Əhmədova dedi ki, sadalanan dərmanlar Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmir: "Bu dərmanlar dövlət qeydiyyatına alınıb. Sadəcə sosial şəbəkədə yalan məlumat yayılmasının qarşısını almaq mümkün deyil. 12 uşağın ölməsi yalandır. Belə bir hadisəni gizlətmək mümkündürmü?"
 
S.Əhmədova onu da qeyd etdi ki, bəzən köhnə məlumatların tarixinə nəzər salmadan yayılması insanlarda çaşqınlıq yaradır: "Radioların biri 2008-ci ilin xəbərini yenilik kimi yaymışdı. Digərləri də ona istinad edərək vermişdi. Araşdırılandan sonra köhnə xəbərin verildiyini gördük. Belə məlumatlarla insanları aldatmaq olmaz".

Google+ WhatsApp ok.ru