14 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisəni ört-bastır etməyə çalışanlar var

Həbsxanada məhbusa ağır işgəncələr verərək öldürdülər; Hadisənin üstünü ört-bastır etməyə çalışanlar var; Həbxsana daxilində kütləvi qiyam baş verdi; Aksiyaçılar arasında islamçı məhbuslar da var.
 
Maide.az-ın "cenubnews.com"a istinadən verdiyi xəbərə görə,  dekabrın 22-də səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində həbsxanada bir məhbusun ölümü ilə nəticələnən hadisə baş verib. Məlumata görə, Babayev Elşad adlı məhkum həbsxananın yüksək rütbəli işçiləri tərəfindən döyülərək öldürülüb. Həbsxananın Firdovsi, Faiq, Rahid və Vüqar adlı 4 nazoru birləşərək məhkum Elşad Babayevə qarşı təxribat xarakterli ifadələr işlətməyə başlayıblar və ona qarşı fiziki güc tətbiq edərək döyüblər. Əvvəllər idmanın boks növü ilə məşğul olan məhkum E.Babayev isə nə qədər güc tətbiq etsə də 3 nəfərə qarşı qalib gələ bilməyib. Amma qismən də olsa, özünü müdafiə edə bilib. Belə olan halda, nazorlar məhkumu qeyri-qanuni olaraq cəza kamerasına salıblar. Orada isə məhkumu ölənə kimi təkləyib döyüblər.
 
Qeyd edək ki, hadisənin nə üstündə baş verməsi haqda hələlik bir məlumat yoxdur. Amma ehtimal olunur ki, həbsxana işçiləri ilə öldürülən məhbus arasında əvvəlcədən ədavət var imiş.
 
Məhbusun nazorlar tərəfindən öldürülməsindən sonra, həbsxanadakı bütün məhkumlar ayağa qalxıblar. Aksiya iştirakçıları arasında həmin həbsxanada cəza çəkən siyasi məhbuslar və islamçı məhbuslar da olub. Həbsxana daxilində geniş miqyaslı şəkildə keçirilən etiraz aksiyası “yuxarı”dan göndərilən əmr əsasında çətinliklə də olsa yatırılıb. Hadisə o yerə gəlib çatıb ki, məsələyə Ədliyyə nazirliyi şəxsən özü qarışmalı olub. Həmin cəza çəkmə müəssisəsinə nazirlik tərəfindən xüsusi yoxlama heyyəti göndərilib. Lakin dustaqların etiraz aksiyası daha da alovlandığından xüsusi yoxlama heyyətinin əməkdaşları içəri daxil ola bilməyiblər. 
 
Dustaqlar daha da fəallaşıb öldürülən məhkum yoldaşlarına görə etirazlarını bildiriblər.
 
Məlumatda o da deyilir ki, məsələ ilə əlaqədar olaraq, Ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev özü şəxsən hadisə yerinə yollanıb.
 
Hadisə ilə əlaqədar olaraq, araşdırmalar aparılır. Deyilənə görə, hadisənin təfərrüatları nazirliyin özünə bəlli olsa da, onlar hadisənin səbəblərini gizlətməyə çalışırlar. Hətta məhbusun ölümünü və aksiyanın keçirilməsini bir neçə məhbusun “boynuna yıxmaq” istəyirlər. Xüsusən, həmin məhbuslar arasında islamçı məhbusların da olduğu xüsusi vurğulanır.
 
Qeyd edək ki, valideynlərin dustaqlarla görüşünə məhdudiyyətlər qoyulub. Valideynlər öz övladlarıyla görüşə bilmirlər.
 
Xatırladaq ki, islamçı məhbusların valideynləri hakimiyyət nümayəndələrinin təkrar olaraq yenə övladlarına böhtan atacağı halda həbsxana qarşısında aksiya keçirəcəklərini bildiriblər. Əks halda, valideynlərin yuxarı istansiyalara şikayət edəcəkləri də istisna edilmir.

Google+ WhatsApp ok.ru