20 illik danışıqların görünməyən sonu

20 illik danışıqların görünməyən sonu

"Yeni Müsavat" qəzetində "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına niyə üzv olmur?" sualına cavab axtarılır.
 
Müəllif xatırladır ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasından ötrü 20 ildir danışıqlar gedir. Amma məsələ həllini tapmır.
 
İqtisadçı-deputat Vahid Əhmədov deyib ki, bu quruma üzvlüyün yolu uzundur:
"Bununla bağlı dövlət başçısı İlham Əliyevin xüsusi sərəncamı da var. Xarici İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırıb ki, danışıqlar aparsın...".
 
V.Əhmədov vurğulayıb ki, Azərbaycanın quruma daxil olmağı çox vacib məsələdir. Bu, daxili bazarda stabilliyə müəyyən qədər xidmət edə bilər. Amma burada bir sıra nüanslar var ki, onlar da həllini tapmalıdır.
 
Deputat deyib ki, ölkə quruma üz olduqda məhsul idxalında problem olmayacaq. Amma istənilən məhsulun da ölkəyə daxil olması yerli bazara, istehsalçılara və sahibkarlara problem yarada bilər.
 
V.Əhmədov hesab edir ki, gömrük rüsumları ilə əlaqədar məsələlərdə müəyyən fikir ayrılığı olduğundan, hələlik danışıqlar öz həllini tapmır.
 
Digər iqtisadçı Vüqar Bayramov da ölkənin bu quruma üzvlüyünü vacib sayır. Ancaq o hesab edir ki, bu proses sürətləndirilməlidir:
"İndiki dövrdə bu qurumdan kənarda qalmağa ciddi əsas yoxdur. Beşillik güzəşt müddəti ölkə iqtisadiyyatını ÜTT tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyır. Əvvəlki dövrlərə baxdıqda bu gün ÜTT üzvlük imkanları daha genişdir".
 
Ekspert vurğulayıb ki, rəsmi Bakı yaxın vaxtlarda quruma üzvlüyü tərəddüdsüz qəbul etməlidir:
"Qazaxıstan bu təşkilata üzv olduqdan sonra Azərbaycanın bu quruma üzv olması olduqca vacibdir". /

Google+ WhatsApp ok.ru