Vaxtı keçmiş kreditlər artır

Vaxtı keçmiş kreditlər artır

"Novoye Vremya" qəzetində "Vaxtıkeçmiş kreditlər rekord vurur" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda Mərkəzi Banka istinadən bildirilir ki, bu il iyulun 1-də problemli kreditlərin həcmi 1 milyard 810.7 milyon manata çatıb. Ay ərzində problemli kreditlər 70.9 milyon manat və ya 4 faiz artıb. İlin əvvəlindən bu yana isə 338.1 milyon manat və ya 23 faiz artım baş verib:
"Beləliklə, bütün kredit portfelində problemli kreditlərin payı 13 faiz həcminə çatıb. Halbuki, may ayında bu nisbət 11.8, keçən ilin sonuna 9 faiz idi".
 
Yazıda bildirilir ki, problemin həlli yubandıqca, vaxtıkeçmiş kreditlərin həcmi artır. Nəticədə bank sektorunun problemləri daha da dərinləşir.
 
Müəllifin fikrincə, kimsə hesab edirsə ki, bank sisteminin problemlərini ödənilməmiş kreditlər problemindən kənarda həll etmək olar, yanılır.
 
Yazıda vurğulanır ki, ölkə vətəndaşlarının sosial-məişət durumu yaxşılaşmır. İndiki qiymət bahalaşması və inflyasiya fonunda bank borclularının həcimi daha da artacaq.
 
Müəllif hesab edir ki, faizlərin aşağı salınması bu problemin həllinə müəyyən təkan verə bilərdi. Müştərilərə fiziki, mənəvi-psixoloji təzyiqlərlə və hüquq-mühafizə orqanlarına müraciətlə problemi çözmək mümkün deyil:
"Problemin həlli əvəzinə, həm belə kreditlərin, həm də intiharların sayının artdığını görürük. Təzyiq və ya hədə problemin həlli yolu deyil. Bundan da irəli gələrək aidiyyəti qurumlar ölkənin bank sisteminin, vətəndaşların marağını qorumaqla bu dalandan çıxış yolunu tapmalıdırlar. Əks halda, bütün bank sektorunun böhranı hələ uzun müddət davam edəcək". /

Google+ WhatsApp ok.ru