26 ölkə ABŞ və digər Qərb ölkələrini sanksiyaları qaldırmağa çağırır

26 ölkə ABŞ və digər Qərb ölkələrini sanksiyaları qaldırmağa çağırır

Oktyabrın 5-də BMT Baş Məclisinin insan haqları komitəsindəki toplantıda səsləndirilmiş bu çağırışa Çin başçılıq edib
 
İyirmi altı ölkə Birləşmiş Ştatları və digər Qərb ölkələrini sanksiyaları qaldırmağa, hədəf ölkələrin koronavirus pandemiyası ilə mübarizəsini yüngülləşdirməyə çağırıb.
 
Oktyabrın 5-də BMT Baş Məclisinin insan haqları komitəsindəki toplantıda səsləndirilmiş bu çağırışa Çin başçılıq edib.
 
Çinin BMT-dəki səfiri Janq Jun deyib ki, sanksiyalar BMT Xartiyasını pozur, “hədəf ölkələrdə əhalinin rifahını” əngəlləməklə və onların sağlamlıq hüququnu pozmaqla insan haqlarına maneələr yaradır.
 
 “COVID-19-la mübarizədə və ona üstün gəlməkdə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq ən güclü silahlardır”, – 26 ölkənin birgə bəyanatında deyilir.
 
Bəyanatı dəstəkləyən ölkələr sırasında İran, Rusiya, Suriya və digərləri var. Bu ölkələr ABŞ-ın, Avropa Birliyinin, digər Qərb dövlətlərinin çoxsaylı sanksiyaları altındadır.
 
Bəyanatda qeyd olunur ki, BMT-nin Baş katibi Antonio Quterres və BMT-nin İnsan haqları üzrə başçısı Mişel Başelet hər hansı ölkənin pandemiya ilə mübarizəsinə zərbə vuran sanksiyalardan möhlət verməyə çağırıb.
 
Beynəlxalq Valyuta Fondu isə yoxsul ölkələrin borcunu ödəməsi və pandemiyanın təsiri ilə mübarizəsi üçün fövqəladə yardımı təsdiqləyib.
 
Yardım dünyanın ən yoxsul 28 ölkəsi üçün nəzərdə tutulub. Apreldə də oxşar addım atılmışdı.
 
Əfqanıstan və Tacikistan da yüzmilyonlarla dollar məbləğində yardım alan ən yoxsul ölkələr sırasındadır. Digər ölkələr əsasən Afrikada yerləşir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru