2 milyondan çox azərbaycanlının banklara borcu var

Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2015-ci ilin sentyabrın 1-nə Azərbaycanda 2 milyon 488 min nəfər borcalan (kredit borcu olanlar-red.) qeydə alınıb.
 
Bu da 2015-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 171 min 760 nəfər çoxdur.
 
AMB xəbər verir ki, cari ilin avqustun yekunlarına görə, xidmətin bazasında Azərbaycan vətəndaşlarına verilmiş 10 milyon 280 mindən çox kredit haqqında informasiyalar saxlanılır.
 
AMB-nin məlumatında həmçinin bildirilir ki, sentyabrın 1-nə olan məlumata görə, xidmətə 279 min sorğu daxil olub ki, sorğuların 95%-dən yuxarı hissəsi banklar tərəfindən edilib.
 
Bundan başqa, qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1 milyon 952 min borcalan, 2012-ci ildə 1 milyon 540 min borcalan qeydə alınıb.
 
Onu da qeyd edək ki, cari ilin avqustun nəticələrinə görə, zamin şəxslərin sayı son bir ayda 1618 nəfər artaraq 1 milyon 159 min nəfər təşkil edib.
 
Sonda məlumat üçün bildirək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanır. oxu.az /
 

Google+ WhatsApp ok.ru