43 il təkadamlıq kamerada saxlanan siyasi məhbus...

Yaxın günlərdə ABŞ-da 48 illik məhbəs həyatından sonra əfsanəvi Sol-radikal qruplaşma olan “Qara bəbirlər”in 68 yaşlı üzvü Albert Vudfoks azadlığa çıxmalıdır.
 
Çıxmaya da bilər, çünki Luiziana ştatının hakiminin onu dərhal azad etmək qərarına qarşı ştatın baş prokuroru dayanıb.
 
Vudfoks yalnız az qala yarım əsr məhbəsdə olmağı ilə diqqət çəkmir, o, həm də ABŞ tarixində (bəlkə də dünya tarixində həmçinin) təkadamlıq kamerada ən çox saxlanılan məhbus sayılır.
 
O, 43 ildir uzunluğu 2,4 metr, eni isə 1,8 metr olan kamerada saxlanılır. Sutkanın 23 saatı hamıdan təcrid olunan Albert yalnız 1 saatlığa gəzintiyə çıxarılır.
 
Üstəlik, unutmayaq: Albert Vudfoks - siyasi məhbusdur. “Demokratiyanın flaqmanı”nda yüzlərlə siyasi məhbusun olduğunu isə adbaad sübut etmək heç də çətin deyil.
 
 
 
Vudfoksun azadlığı uğrunda uzun illərdir mübarizə aparan “Amnesty İnternational” iyunun 10-da bəyanat verib. Orada bu cümlə də var: “Luizinadakı ədalətsiz məhkəmə istintaqı nəticəsində 40 ildən çox təcrid vəziyyətində saxlanılmış Vudfoksun azadlığı - olduqca gecikmiş və çox gözləmək lazım gəlmiş ədalətin zəfəridir”.
 
Beləliklə, vurğulanır ki, ABŞ ədliyyəsi keçmiş “Qara bəbir”i sübutsuz və haqsız yerə türmədə çürüdür. Günahı sübuta yetirilməmiş şəxsin ədaləti 43 il gözlədiyi cəmiyyəti hansı haqla ədalətli və demokratik adlandırmaq olar? Sual ritorikdir.
 
***
 
Vudfoksun da üzvü olduğu “Qara bəbirlər” təşkilatı 1966-cı ildə ABŞ-da irqi seqreqasiyaya qaşı inqilabi metodlarla mübarizə aparmaq üçün Hyui Nyuton və Bobbi Sil tərəfindən yaradılıb. Onların ən tanınmış təşəbbüsləri yoxsul ailələrdən olan zənci uşaqları üçün pulsuz səhər yeməkləri, “qara məhəllələr”in silahla qorunması, bank soyğunları (“inqilabi ekspropriasiyalar”) və polis zorakılığına qarşı cavab zorakılığı idi.
 
 
 
“Qara bəbirlər” Maonu, Çe Gevaranı və Frans Fanonu özlərinin ideya müəllimləri sayır, Martin Lüter Kinqin dinc mübarizə taktikasından imtina edirdilər.
 
Məşhur “qara bəbirlər” arasında Anjela Devisin, Mumiya Əbu-Camalın (1981-ci ildən həbsdədir, günahı sübuta yetirilməyib), habelə Lumumba Şakur və onun həyat yoldaşı Afeninin (məşhur reper Tupak Şakurun valideynləri) adları var.
 
Total repressiyalar nəticəsində ABŞ hökuməti təşkilatın əsas kadrlarını 1970-ci ilə qədər qətlə yetirməyi bacarandan və çoxsaylı həbslər keçirəndən sonra “Qara bəbirlər”in fəaliyyət aktivliyi də azaldı, ancaq tam bitmədi.
 
Albert Vudfoks 1967-ci ildə silahlı qarətə görə həbsə atılır. 5 il sonra onun saxlandığı türmədə qiyam baş verir və nəticədə 23 yaşlı nəzarətçi öldürülür. 1 nəfərin ölümünü 3 nəfərin üzərinə yıxmağa çalışırlar: Vudfoksun, Robert Kinqin və German Uollesin. Hər üçün ömürlük həbs cəzasına məhkum edilərək təkadamlıq kameralara köçürülür.
 
Bu üçlüyün azadlığı uğrunda beynəlxalq kampaniya başladılır. Cinayəti onların törətdiyinin heç bir maddi dəlili tapılmır, buna baxmayaraq üçlüyün azadlığa buraxılmasından söhbət belə getmir.
 
Ən qəribəsi odur ki, Luiziana ştatının məhkəməsi onların təqsirsiz olmasına dair iki dəfə qərar çıxarır, ancaq hər dəfə də iş yenidən istintaqa göndərilir.
 
 
 
Vudfoks və dostları haqqında bir neçə sənədli film çəkilir, onların azadlığı üçün  “Amnesty İnternational” çalışır - ancaq faydasız.
 
Bu üçlüyü həm də “Anqola üçlüyü” adlandırırlar, çünki onların saxlandıqları türmə keçmiş “Anqola” qul plantasiyasının yaxınlığında yerləşir. Tarixin ironiyası. Bəlkə də davamı...
 
Qeyri-insani şəraitdə saxlanılan məhbusların sistemə qarşı sonu görünməyən mübarizəsi başlayır. Sistem lal və kar qalır. Yalnız 2001-ci ildə, 28 illik tənhalıqdan sonra Robert Kinq azadlığa buraxılır. O, hazırda ictimai aktiv fəaliyyətlə məşğuldur.
 
Nəzarətçinin qətlində ittiham olunan ikinci məhbusu - German Uollesi 2013-cü ildə azad edirlər. Təkadamlıq kamerada ömrünün 40 ilini keçirən German artıq xərçəng xəstəsi idi və azadlıqda cəmisi 3 gün yaşayır.
 
Beləliklə, ittihamların qurama olduğunun sübutu kimi məşhur üçlükdən ikisinin sərbəst buraxılmasını göstərmək olar. Albert Vudfoks isə barəsində iki dəfə bəraət hökmü çıxarılmasına baxmayaraq “Anqola”da qalmaqda davam edir. Yalnız iyunun 9-da onun haqqında üçüncü dəfə bəraət hökmü çıxarılır.
 
Üstəlik, hakim cinayət işini növbəti dəfə istintaqa göndərilməsinə qadağa qoyur. Yəni ABŞ ədliyyəsinin xəstə və qoca, 68 illik ömrünün 48 ilini türmədə keçirmiş Alberti azad etməkdən başqa çarəsi yoxdur. Üstəlik, o, şəkərli diabetdən və əsəb pozuntusundan əziyyət çəkir.
 
Bu da sizə “Amerika ədaləti”. O, dünyanın bir çox diktaturalarındakı ədalətdən nəinki yaxşı deyil, üstəlik daha amansız və qeyri-insani imiş.
 
Sonunda yenə də “Amnesty İnternational” təşkilatının statistikasına müraciət edək. Təşkilatın dəyərləndirmələrinə görə, ABŞ-da 80 min (!) insan təkadamlıq kameralarda saxlanılır, onlardan da 25 min nəfəri bu şəraitdə illər boyu əziyyət çəkir. Hüquq müdafiəçiləri bu cür şəraiti “qeyri-insani və işgəncə” sayır.
 
 
 
Bu kameralar miniatür ölçüdə (maksimum - uzunluğu 3 metr, eni isə 2 metr) olmaqla pəncərədən də məhrumdur. Robert Kinq azadlığa çıxandan sonra “The Guardian” qəzetinə verdiyi müsahibəsində demişdi: “Mən yalnız 4 addım atıram və qapıya dirənirəm...”
 
***
 
Sent-Ekzüperinin “Balaca şahzadə”sində Tülkü deyirdi: “Dünyada kamillik yoxdur. Ovçular olmayan yerlərdə qoyunlar da olmur”.
 
Elə hesab edək ki, bizim dünyamızda Tülkünün arzuladığı kamillik artıq bərqərar olub. Burada yalnız tülkülər və qoyunlar var. Ovçular isə yoxdur.
 
Və tülkülər bu “kamilliy”i bir mərkəzdən dünyanın dörd yanına ixrac edirlər. “Balıq başdan iylənir”, deyilmi?...Virtualaz

Google+ WhatsApp ok.ru