6 nəfərin öldüyü keçiddə növbəti qəza: 4 yaralı - FOTO

Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.
 
Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin KİA markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən sürətlə yük qatarı keçidə yaxınlaşıb. KİA-nın sürücüsü özünü qorxudan itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub.
 
Hadisə nəticəsində üç bacı - 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alıblar. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, minik avtomobilini bacılardan biri idarə edirmiş.
 
Qaradağ rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. Artıq keçid növbətçisi dindirilib.
 
Qeyd edək ki, bu, eyni keçiddə baş verən ilk qəza deyil. 2012-ci il avqustun 31-də eyni yerdə 124 saylı sərnişin avtobusu ilə qatar toqquşmuşdu. Həmin qəza nəticəsində 6 nəfər ölmüş, 44 nəfər yaralanmışdı. Hadisədən sonra Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi və avtobusun sürücüsü həbs olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisi 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
 
 

Google+ WhatsApp ok.ru