9 kəndi mərkəzə birləşdirən yolda sürüşmə olub

9 kəndi mərkəzə birləşdirən yolda sürüşmə olub

Qubada 9 kəndi rayon mərkəzi ilə birləşdirən Zərqova yolunda torpaq sürüşməsi baş verib.
 
APA-nın xəbərinə görə, sürüşmə kənd yolunun üç hissəsində qeydə alınıb. Yağıntılı hava yolda çökməyə və çatların yaranmasına da səbəb olub.
 
Yerli sakinlərin bildirdiyinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq insan istifadə edir.
Kənd sakinlərindən Mahir Xudaverdiyev deyib ki, ərazidə sürüşmə baş verdiyindən avtomobillərin hərəkətinə təhlükə yaranıb. Yolda torpaq sürüşməsinin baş verdiyi əraziləri sakinlər nişanlayıb.
 
Quba rayon İcra Hakimiyyəti başçısının Zərqova kəndi üzrə nümayəndəsi Fərman Tahirov bildirib ki, mütəxəssislər yolda sürümə baş verən ərazilərə baxış keçiriblər.
 
“Təbii fəlakətin olduğu bəzi hissələrə daş tökülməsi qadağan edilib. Çünki bu, çökməyə səbəb ola bilər. Həmin yerlərə su ötürücü boruların qoyulmasına qərar verilib. Digər 2 sürüşmə yerinə isə çınqıl və daş tökülüb, təmir işləri yaxın 10 gün ərzində aparılacaq”.
 
14 kilometrlik Quba-Zərqova avtomobil yolunun 1970-ci illərdə çəkildiyi bildirilir.
 
Payız aylarının yağışlı keçməsi son həftələrdə bir neçə rayonda daşqınlara, yollarda problemlərin üzə çıxmasına səbəb olub.
 
Noyabrın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şamaxıda sürüşmə təhlükəsi barədə də xəbər verib. Nazirlik rayonun Mədrəsə kəndində 20 evin hər an sürüşə biləcəyini açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru