AİP-in növbəti baş məclisi keçirilib

AİP-in növbəti baş məclisi keçirilib

Bu gün Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin növbəti toplantısı keçirilib. Məclisin gündəliyinə sonuncu Baş Məclisdən ötən müddət ərzində AİP-in fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr, ölkədə və beynəlxalq aləmdəki ictimai-siyasi vəziyyət, həbsdə olan siyasi məhbusların problemləri və digər məsələlər salınıb.
 
Tədbir Qurani-Kərimin oxunuşu və Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başlayıb.
 
Partiyanın Baş Məclisində ilk öncə çıxış edən AİP-in sədr əvəzi Hacı İlham Əliyev hər il geniş miqyasda İmam Hüseynə əza saxlandığını bildirərək, buna qarşı olanları da xatırladıb: «Çox səthi, dayaz, cılız düşüncələrlə, qərəzli və müəyyən hədəf xatirinə İmam Hüseyn məktəbini kölgələmək üçün hər il müxtəlif məqalələr yazılır, çıxışlar edilir. Amma diqqət elədikdə, Kərbəla məktəbinin arxasında böyük fəlsəfənin, böyük məntiqin dayandığını görürük».
 
AİP sədri İmam Hüseyn qiyamının mahiyyətindən və onun cəmiyyətə verdiyi dərslərdən qısaca söhbət açdıqdan sonra ötən iclasdan bu günə kimi həm cəmiyyətdə, həm də partiyanın həyatında baş verən mühüm məsələlərə toxunub: « Yəqin oxumusunuz ki, Milli Məclisin Qubadan olan millət vəkili Yevda Abramov müsahibəsində böyük iddialar edib. O, açıq-aydın, heç nədən çəkinmədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə toxunub, onların ayinləri haqqında mənfi fikirlər söyləyib və dövlətdən şiəçiliyin qarşısının alınmasını istəyib, bildirib ki, nurçularla necə rəftar olunursa, Əhli-beyt sevərlərə də o cür davranılsın. Onun bu məsələlər barədə belə açıq-aydın danışması Azərbaycan xalqı üçün təhqirdir. O, bunu bir vəzifə kimi dövlət məmurlarının boynuna qoyur. Bu isə onun özünü ev yiyəsi kimi aparmasının göstəricisidir»
 
Hacı İlham Əliyev Azərbaycan xalqının 70 il kommunist əsarətində yaşadığını xatırlatdı: «Amma bu müddətdə xalqımız dinindən, əqidəsindən, mənəviyyatından əl çəkmədi, çünki, bu insanlarımızın zatındadır. Allah-Təalanın vədəsidir ki, İmam Hüseynin məhəbbətini bütün iman əhlinin qəlbində yerləşdirib. Bunu heç bir təbliğat, güc, mal-dövlətlə bu eşqi qəlblərdən çıxartmaq mümkün deyil. Bu azala bilər, zəifləyə bilər, ancaq sönə bilməz.
 
Qurani-Kərimdə də Allah-Təala buyurub ki, siz Mənim dediklərimə əməl etsəniz, həyatınızı mən istədiyim kimi tənzimləsəniz bütün müşkülatlardan, çətinliklərdən Mən sizləri xilas edəcəyəm. Əgər Allahın istədiyi yolda qədəm götürsək, Allah onu hidayət eləyər, insanın açılmayan düyünlərini açar. 
 
Mövsüm Səmədov təklif edib ki, hər cümə günü möminlər Şəhidlər Xiyabanını ziyarət etsinlər. Bununla öz şəhidlərimiz müqabilində olan vəzifələrimizə əməl eləmiş olarıq. Möminlərdən xahişimiz odur ki, hər kəs hər həftə öz bölgəsində olan şəhidlərin məzarı üstə gedib, onları ziyarət etsinlər.”
 
Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli isə ölkədəki siyasi-ictimai vəziyyətə toxunub: «Sentyabrın 26-da keçirilən referendumda Konstitusiyamızda bəzi dəyişikliklər edildi. Daha doğrusu dünyanın siyasi sistemi bu cür göstəriş vermişdi, bu cür də qəbul olundu. Bundan əvvəl də dünyanın bir sıra ölkələrində də həmin dəyişikliklərin şahidi olduq. Əvvəlcədən də bizə bəlli idi ki, bu dünyanın  siyasi sistemidir ki, diktə edilir. 
 
Bu gün cəmiyyətin Kərbəla hadisəsindən nümunə götürməsinə, bundan istifadə edərək dünya və axirətinin xilasına imkan verilmir və kifayət qədər məhdudlaşdırılır. Bunu son dövrlərdə ölkəmizdə dini-etiqad azadlıqları haqqında  mürtəce dəyişikliklərdə də görürük. Bir sıra alim-üləmaların, o cümlədən bu gün həbsdə yatan, İslamın əsl dəyərinin daşıyıcıları olan insanların, alimlərin həbsxanalarda saxlanılması və cəmiyyətlərdən məhrum edilməsi prosesində də görürük. Azərbaycan İslam Partiyasının sədri də bildiyimiz kimi məhbusdur və bütün imkanlardan istifadə olunur ki, həbsdə olan AİP sədri və digər islamçı məhbuslar daha çox əzilsin, daha çox sıxılsınlar.” 
 
Akif Heydərli hazırda islamçıların müdafiə olunması istiqamətində işlər görüldüyünü bildirdi: «Bildiyiniz kimi, hazırda ölkədə siyasi məhbusların siyahıya alınması prosesi gedir. Biz də bu cür yığıncaqlarda iştirak edib, sözümüzü demişik. AİP  üzvlərinin və digər islamçıların bu siyahıya daxil edilməsi və onların hüquqlarının qorunması məsələsində iştirakımız davam edir.»
 
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bu gün İslam ayinlərinə olan hücumlardan söz açıb: «Mən burada bu yaxınlarda baş verən bir hadisəni xatırlatmaq istəyirəm. Hadisənin doğru və ya böhtan olduğu ilə işim yoxdur. Sadəcə bir nüansa toxunmaq istəyirəm. Aşura gününə qara yaxmaq üçün sosial şəbəkələrdə, yazıblar ki, guya kimsə uşağını məktəbə apararkən dükana su almağa  girib, ancaq satıcı bildirib ki, qətl sınana kimi biz su satmırıq. Mən özüm bir sıra İslam ölkələrində məhz Məhərrəmlik ayında, hətta Aşura günündə, yaxud Ərbəində olmuşam, oralarda yol boyu sərin şərbətlər ehsan edilir. İnanmırsınızsa, bu barədə internetə də axtarışlar verə bilərsiniz. Kərbəla yollarında yürüşdə iştirak edənlərə ehsan edilən şərbətlər barədə yüzlərlə, minlərlə şəkillər var. Əslində həmin günü Kərbəla şəhidləri susuzluqdan əziyyət çəkdiyi üçün İmam xatirinə sular pulsuz ehsan edilməlidir. Mən üzümü müsəlmanlara tutub deyirəm, çox xahiş edirəm Kərbəla məktəbinin düzgün təbliğatını aparın və peyğəmbərimizin əxlaqının izi ilə hərəkət edin.»
 
Tədbirin sonunda AİP üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.(faktxeber)
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru