“20 ildə ölkə əhalisinin sayı 26 faizdən çox artıb”

Dekabrın 22-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət proqramı”nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Azərbaycanda demoqrafik proseslər müsbət məcradadır: “Son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb.

Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb.

Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir”.

Səlim Müslümov bildirib ki, nazirlik demoqrafiya və əhali sakinliyi sahəsində 2025-ci ilədək dövr üçün inkişaf istiqamətlərini müəyyən edən yeni dövlət proqramının layihəsini hazırlayıb.

Nazir bu ilin sentyabrında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yaxın on ildə demoqrafiya sahəsində məqsədyönlü siyasətin həyata keçirilməsi üçün mühüm istiqamətləri müəyyən edən yeni dövlət proqramının təkmil layihəsinin hazırlanması üçün öz töhfələrini verəcəklərini deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Media forum” saytına verilən məlumata görə, tədbirdə dövlət proqramı layihəsi təqdim olunub, layihə ilə bağlı rəy və təkliflər səsləndirilib.

 

Google+ WhatsApp ok.ru