Əfv olunan şəxslərin arasında iki jurnalist, bir vəkil və iki “NİDA”-çı var

Prezident İlham Əliyevin imzaladığı əfv sərncamında bir neçə tanınmış şəxsin adı da var.
Maide.az-ın məlumatına görə, əfv sərəncamı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, Milli Şuranın üzvü vəkil Qurban Məmmədov, “NİDA” vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil olunub.
Qeyd edək ki, hazırda nəşrini dayandırmış “Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs edilib. O, 9 il müddətinə azadlıqdan məhrum olunub.
 
Sərdar Əlibəyli 2013-cü ilin avqustunda həbs edilib. 4 il müddətinə azadlıqdan mərhum olunub.
 
vəkil Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin 2013-cü il 6 dekabr hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmədə təqsirli bilinib.
 
1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbsdə yatıb.
 
“NİDA” vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli ötən ilin yazında daha 6 “Nida”çı ilə birgə tutulublar. Gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər və 6-8 il aralığında həbs cəzaları alıblar. Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hazırda Bakı İstintaq Təcridxanasında saxlanırlar.
 
Qeyd edək ki,Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə 79 məhkum azadlığa buraxılacaq. /
 

 

Google+ WhatsApp ok.ru