Mirqədirov informasiya qıtlığı çəkir

MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirova baş çəkən vəkil Fuad Ağayev “Media forum” saytına danışıb. Fuad Ağayev Mirqədirovla dekabrın 26-da görüşdüyünü deyib: “Vəziyyətində elə bir ciddi dəyişiklik yoxdur. Səhhəti, saxlanma şəraiti normaldır. Amma informasiya sarıdan korluq çəkir. Ona yalnız dövlət qəzetləri verilir”.

İstintaqın gedişinə gəlincə, vəkil bildirib ki, yeni ildə jurnalistin işi ilə bağlı müəyyən prosessual addımlar atacaqlar: “Əgər yeni ildə açıq məhkəmə iclası keçirilsə, biz faktlarla Rauf bəyə qarşı irəli sürülmüş ittihamları darmadağın edəcəyik”.

Mirqədirov bu il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakı aeroportunda həbs edilib. Ona dövlətə xəyanət, Ermənistanın xüsusi xidmət orqanlarına işləmək ittihamı irəli sürülüb. Jurnalist ittihamı rədd edir, siyasi motivli sayır.

Mirqədirovun işi üzrə həbs olunmuş hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus da ittiham olunurlar./

Google+ WhatsApp ok.ru