“Azadlıq” radiosu ilə bağlı başlanan danışıqlar nə vəd edir?

Son günlər "Azadlıq" Radiosunun Bakı redaksiyasının bağlanması və fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ nümayəndə heyəti ilə görüşündə bu məsələ daha geniş müzakirə olunub.

 
Qeyd edək ki, Elmar Məmmədyarovla görüşdə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və "Azadlıq" Radiosunun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun da yer aldığı nümayəndə heyəti iştirak edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və "Azadlıq" Radiosunun fəaliyyətinə aid məsələlər müzakirə olunub.
 
Toplantıdan sonra Robert Sekuta Azadlıq Radiosu barəsində mətbuata açıqlama verib: “Biz hesab edirik ki, "Azadlıq" Radiosu işləməli və jurnalist standartına ən uyğun şəkildə fəaliyyətini davam etdirməlidir”.
 
Ekspertlər hesab edirlər ki, son görüşlər və ABŞ səfirinin bu açıqlaması "Azadlıq" Radiosunun fəaliyyətinin bərpa edilməsinə, həbsdəki jurnalist Xədicə İsmayılın azad olunmasına müsbət təsir edəcək.
 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu "Yeni Müsavat"a açıqlamasında danışıqların aparılmasının müsbət effekt verəcəyini düşünür: “Əgər XİN və "Azadlıq" Radiosunun Yayım Şurasının vitse-prezidenti səviyyəsində danışıqlar gedirsə, bu müsbət tendensiyadır. "Azadlıq" Radiosu geniş auditoriyası olan, ölkənin inkişafında böyük rol oynayan bir media qurumudur. Hesab edirəm ki, istənilən medianın qapadılması yanlışdır. Dövlət və cəmiyyətin xeyrinə heç nə vəd etmir. Aydın məsələdir ki, rəsmi danışıqdan əvvəl hər hansı bir anlaşma əldə olunur. Yəni danışıq prosesinin özünün başlamaqla  mək olar ki, bu müsbət nəticələr verəcək. Amma təbii ki, münasibətlər tam aydınlaşmayıb. Azərbaycan-ABŞ münasibətlərində müzakirə olunmalı çox məsələlər var. Hər halda Azərbaycan ikitərəfli münasibətlərdə müsbət addımlar atır. Bunun nəticələrini zaman göstərəcək. Amma müzakirənin özünün başlaması müsbətdir”.

Google+ WhatsApp ok.ru