Milli Şura `Talana Son` mitinqi keçirdi - FOTO

Milli Şura martın 15-də “Məhsul” stadionunda "Talana Son" adlı mitinq keçirdi.
 
Mitinqdə ilk olaraq Aparıcı  Əbülfəz Qurbanlı çıxış edib: “Bu gün bu meydanda bütün Azərbaycan var.  Bu meydanda banklara olan kredit borcları ucbatından intihar edən insanlar var. Bu meydanda fəqir, yoxsul, amma alnı açıq, qürurlu insanlar var. Eşq olsun sizlərə. Çünki qorxmadan, çəkinmədən, çaşdırıcı təxribatlara uymadınız və bu gün buradasınız”.  
 
AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, bu gün meydana toplananlar bir nəfər kimi hakimiyyətin talanına “yox” deyənlərdir: “Xalqına on illərlə zülm edən Azərbaycan hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. Neçə-neçə həbslər oldu, şayiə mexanizmini işə saldılar. Bir amalları vardı, siz qəddinizi düzəltməyəsiniz. "Yox" demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz. 
 
Bizim hamımızı bu gün bu meydana toplayan 21 fevralda hökuməti hamımızın cibinə girməsi, 34 faiz bizi kasıblaşdırmasıdır. Ondan əvvəl isə bizə vəd verirdilər. Dekabr ayında dövlət başçısı dedi ki, neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz. Yanvarda dedi ki, hamınız pulunuzu manatda saxlayın, narahat olmayın. Fevralda isə milyonlarla manat xalqa ziyan vurdular. Bu gün buradayıq ki, bu talana "yox" deyək. Çünki sosial-iqtisadi böhran bir təbii fəlakət deyil, obyektiv səbəblərlə bağlı deyil. Bu sizin yarıtmaz siyasətinizin nəticəsidir. Bu gün olmasa da, bəlkə 6 ay sonra yenə olacaqdı. İndi bütün bunları neftin ucuzlaşması ilə əlaqələndirirlər. Amma səbəb bu deyil. Bu labüd idi. Çünki bu zamana kimi Azərbaycanda milyonlar kənarlara daşınıb.
 
150 manat təqaüd alan insanlara, ayın sonunu güclə gətirən camaata Avropa Oyunları lazım deyil. Hansı ki o oyunlara 8 milyard pul xərclənib. Həmin bu bədxərcliyin nəticəsidir ki, indi əhali çətin vəziyyətə düşüb. Manatı 34 faiz ucuzlaşdırıblar. İndi zəhmət çəksinlər aylıq əməkhaqlarını, təqaüdləri o qədər də artırsınlar. Banklardan dollarla kredit götürənlər üçün güzəştlər etsinlər. Bütün bunları etmək, hakimiyyətin borcudur.
 
Biz zamanında Elmar Hüseynova arxa dura bilmədik. Onun öldürülməsindən 10 il ötür. Hazırda hakimiyyətin korrupsiya layihələrini ifşa edən Xədicə İsmayıl həbsdədir. Biz ona lazımınca dəstək ola bilmədik. Onlarla qeyrətli insanlar ona görə həbsdədir ki, hakimiyyət bu ölkənin sərvətlərini rahat talan edə bilsin. Biz bu haqsızlığa dözməməliyik. Ölkədə köklü dəyişikliyə nail olmalıyıq. Əminəm ki 15 martda başlayan proses davamlı olacaq və biz öz azadlığımıza qovuşacayıq".
 
AXCP sədrinin müavini Gözəl Bayramlı isə bildirib ki, hakimiyyət xalqla hesablaşmır: “Azərbaycan dərin sosial-iqtisadi böhran içərisindədir. Hakimiyyətin apardığı yarıtmaz siyasət buna gətirib, çıxarıb. Azərbaycan iqtisadiyyatı neft üzərində qurulub, neftdən asılı duruma salınıb. Azərbaycan hakimiyyəti xalqla hesablaşmır. Biz bu siyasətə, bu talana “yox!“ demək üçün buradayıq”.
 
Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli insanların inanclarının sındırılmaq istənildiyini dedi: “Zülmətə boyun əyməyib, öz qorxusuna üstün gəlib meydana gələn cəsarətli insanlara salam olsun. Bu gün bu millətin yalnız manatı oğurlanmayıb. Onlar hər bir azərbaycanlının üzündəki gülüşü oğurlayıblar,  Azərbaycan gəncinin, gəncliyini oğurlayıblar. Millətin haqqına təcavüz ediblər. Biz buna “yox!” deyirik”. 
 
Cəmil Həsənli isə ilk olaraq gəncliyi salamlayıb və xalqının gələcəyinin onların mübarizəsindən asılı olduğunu vurğulayıb: Mitinqin keçirilməməsi, alınmaması üçün hakimiyyət bir çox yollara əl atdı. Təxribatlar törətdilər, hətta facebook profili oğurladılar. Bular ilk olaraq hakimiyyəti oğurladılar. Millətin sərvətini oğurlamağa başladılar. Səs oğurluğuna keçdilər. Sonra isə yüzlərlə siyasi məhbus ordusu yaradaraq, bu millətin azadlığını oğurlamağa başladılar. İndi də profil oğurluğuna keçidblər. Bu hakimiyyətdən bundan artıq nə gözləmək olar? Nə vaxta qədər ki, xalq haqqını tələb etməyəcək, haqqı yeyiləcək. Bir gün bu xalq bu rejim üzərində öz qələbəsini qeyd edəcək. Bu rejim əbədi deyil".
 
C.Həsənli bildirdi ki,  fevralın 21-də Mərkəzi Bank qərarını şənbə günü verməsi təsadüfi deyil: "Mən tarixçiyəm. İndiyə qədər faşist rejimləri öz anti-xalq qərarlarını şənbə günləri qəbul ediblər. Musolini, Hitler əksər anti-xalq qərarların şənbə günü verib. Çünki həmin gün ziyalılar istirahət edir, mətbuat işləmir. Bu hakimiyyətdə manatı məhz fevralın 21-də "qara şənbə" günü ucuzlaşdırdı".
 
C.Həsənli çıxışının sonunda qeyd edib ki, növbəti mitinq aprelin 5-də, saat 15.00-da eyni məkanda keçiriləcək. Və 15 mart mitinqi son deyil, bir başlanğıcdır. 
 
Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, təqaüdlərin azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. 
 
Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan "qan pulu"nun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.  
 
 



 

Google+ WhatsApp ok.ru