“Gül bayramı” və şəhid ailələrinin sığorta haqqı

Birinciyə milyonlar xərcləyən hökumət, ikinciyə pul «tapmır»

Neftin ucuzlaşması ilə ölkədə ciddi iqtisadi böhran yaranmasına baxmayaraq Azərbaycan hakimiyyəti bu il də “Gül bayramı”nı keçirmək niyyətindədir. Heydər Əliyevin doğum gününün şərəfinə mayın 10-da Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev parkında keçiriləcək “Gül bayramı”na artıq hazırlıqlar başlayıb. 
 
“Gül bayramı” Bakı Şəhər Icra Hakimiyyətinin təşkilatçılığı ilə 2004-cü ildən qeyd edilir. Hər il bu bayrama milyonlarla vəsait sərf olunur. Təkcə ötən il “Gül bayramın”a 30 milyon manat xərcləndiyi bildirilir. Iqtisadçıların hesablamalarına görə 10 il ərzində bu bayrama azı 200 milyona manat pul xərclənib. Bu il də milyonlarla manatın havaya sovrulacağı şübhəsizdir. “Gül bayramı”na milyonlarla manat xərclənməsi həm də Ilham Əliyevin israfçılıqla bağlı fikirlərində səmimi olmadığını göstərir. Əliyev israfçılığa yol verilməsinin qəbuledilməz olduğunu deyir, amma ölkə üçün heç bir faydası olmayan bir tədbirə milyonlarla manat pul xərclənir. Bəs bu israfçılıq deyilmi? “Gül bayramı”na xərclənən vəsaitlər hesabına bəzi problemləri həll etmək olmazmı? Elə məsələn, şəhidlərə verilməli olan qan pulu verilə bilməzmi? 1994-cü ildən bu yana 13 min 500 şəhid ailəsi sığorta pulunu ala bilmir. Şəhid ailələri dəfələrlə bunun bağlı Milli Məclisin və digər aidiyyəti qurumların qarşısında aksiyalar keçiriblər, ölkə başçısına, Milli Məclisin sədrin müraciətlər ünvanlayıblar. Lakin heç bir nəticəsi olmayıb.
 
Hər bir şəhid ailəsinə 11 min manat sığorta pulu ödənilməlidir. Nədənsə “Gül bayramı”na milyonlarla pul xərcləyən, hətta iqtisadi böhranın hökm sürdüyü bir vaxtda da bu niyyətindən əl çəkməyən hökumət şəhid ailələrinin haqqını ödəməyə pul “tapmır”...("Azadlıq" qəzeti)

Google+ WhatsApp ok.ru