“Guardian”ın müxbiri Bakıya buraxılmadı

Azərbaycan hökuməti daha bir əcnəbi jurnalistin Avropa Oyunları ilə bağlı Bakıya gəlməsinə imkan vedrməyib. Bu, Britaniyanın dünyaca məşhur “The Guardian” qəzetinin əməkdaşı Ouen Gibsondur. Məlumatı “The Guardian”ın özü yayıb.
 
Məlumatda deyilir ki, Gibson hələ bu ilin yanvarında akkreditasiya üçün Oyunların təşkilat komitəsinə müraciət edib. Ona akkreditasiyadan keçdiyi və Bakıda Oyunlarla bağlı yaradılan mətbuat kəndində müvafiq yerlə təmin edildiyi haqda məlumat verilib. Bu məlumata əsaslanan Gibson Bakıya biletini də alıb.
 
Viza üçün müraciət etmiş jurnalistə iyunun 5-də Avropa Oyunları təşkilat komitəsinin mətbuatla iş strukturundan deyilib ki, onun müraciətinə baxılır. Lakin “The Guardian”a məlum olub ki, əməkdaşının Azərbaycanla bağlı indiyə qədər olan yazıları araşdırılırmış.
 
Qəzet yazır ki, Gibson ötən ilin axırlarında Avropa Oyunlarına hazırlıq prosesi ilə bağlı material hazırlamaq üçün Bakıda olub. Səfər zamanı o, indi həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılla da görüşüb.
 
“The Guardian” onu da xatırladır ki, Azərbaycan hökuməti Avropa Oyunlarını işıqlandırmaq üçün Bakıya getmək istəyən çoxlu sayda başqa əcnəbi jurnalistə də imkan verməyib.
 
Gipson “The Guardian”da Azərbaycanla bağlı bir neçə məqalə ilə çıxış edib. Onun məqalələrində Azərbaycanda insan haqları probleminə də vurğu salınıb. azadliq.info/

Google+ WhatsApp ok.ru