“Fatimeyi-Zəhra” məscidi ilə bağlı Prezidentə müraciət edilib

 Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icması və qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. İcmadan Azadinform-a verilən məlumata görə ki, müraciəti 10 minə yaxın qəsəbə sakini imzalayıb. Müraciətdə dövlət başçısından uzun illərdir ki, tikintisi yarımçıq qalmış məscidin tikintisinin başa çatdırılması və ərazisinin genişləndirilməsi, eləcə də məscidin dini icmasının qeydə alınması üçün yardım göstərilməsi xahiş edilir. 
 
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli Sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatimeyi - Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb. Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda həmin torpaq sahəsi uzun müddət istifadə olunmadığına görə, Sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə Sərəncam vermişdi. 2010-cu ildə isə 2 saylı Yerli İqtisad Məhkəməsi Yeni Günəşli qəsəbəsi, V massivi - 33 ünvanda yerləşən "Fatimeyi - Zəhra" məscidinin sökülməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında qərar çıxarmışdı. Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdi. 
 
Bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkə başçısına müraciət edərək, "Fatimeyi-Zəhra" məscidin sökülməsi ilə bağlı məhkəmə qərarının icrasının dayandırılması, tikilinin Qafqaz Müsəlmanları İdarəsinin Sərəncamına verilməsini təklif etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də tikintisi dayandırılmış və sökülməsinə məhkəmə tərəfindən qərar verilmiş "Fatimeyi - Zəhra" məscidinin tikilisinin Qafqaz Müsəlmanları İdarəsinin Sərəncamına verilməsi barədə göstəriş vermişdi.
 
Elə həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsinə əsasən isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilməsinə dair qətnamə qəbul etmişdi. Sonradan həm Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, həm də Ali Məhkəməyə bu qərarı qüvvədə saxlamışdı.

Google+ WhatsApp ok.ru