Əgər “şiddətli töhmət” ağır cəzadırsa....

Dəfələrlə yazmışıq ki, bu ölkədə qanun, məhkəmə, hüquq hökmətin sifarişi ilə işləyir. Məhz buna görə də günahkarlar cəzasız qalır, günahsızlar ağır cəzaya məhkum edilir. Onu da yazmışıq ki, bu ölkədə insan həyatının zərrə qədər dəyəri yoxdur və YAP hakimiyyəti yalnız insan ölümünü ucuzlaşdıra bilib. 
 
Son günlər ölkədə baş verənlər bu mövzuya yenidən qayıtmağı zəruri etdi. Bildiyiniz kimi bu hakimiyyətin lüğətində “töhmət” sözünün xüsusi çəkisi var. Belə ki, harınlıq edən məmur övladına, vəzifə səlahiyyətini aşan məmura ən ağır cəza kimi “töhmət” verilir. Hələ bu “töhmət” in verilməsi üçün də böyük ictimai qınaq lazımdı. Bəli, məhkəmələr və digər aidiyyatı orqanlar vəzifəli şəxslərin cinayətini “töhmət”ləndirəcək qədər səlahiyyətlidilər.
 
Amma bugünlərdə məlum oldu ki, hətta insan ölümünə səbəb olmuş adamların cəzası da “töhmət”dir. Mərhumun yaxınları etiraz etsə, məsələ ictimailəşdirilsə “şiddətli töhmət” də ola bilər. Bəli, söhbət Mingəçevir polis idarəsində dünyasını dəyişən Bəhruz Hacıyevdən gedir. Fotolardan da görünür ki, bu şəxsə işgəncə verilib və Mingəçevir ictimaiyyəti də buna etiraz etdi. Amma nəticə nə oldu?  Bəhruz Hacıyevin öldürülməsinə etiraz edənlər döyüldü, 22 nəfər həbs edildi və hələ də hökumət etirazçıların axtarışındadır. Bəhruz Hacıyevin ölümündə günahlandırılanlara isə töhmət verilib. Bu qədər ictimai etirazın, bu qədər aqressiyanın qarşğılığında ədalət yalnız  “töhmət” boyda qələbə qazandı. Hələ buna görə minnət də qoyurlar. 
 
Nə deyirik, hökumətin fantastik ədaləti qarşısında affekt vəziyyətinə düşmüşük. Amma bizm də bir istəyimiz var. Bir halda ki, hökumət təhməti ağır cəza hesab edir, bir halda ki, insan ölümünə səbəb olanlara “töhmət” verilir, o zaman siyasi məhbuslara da “şiddətli töhmət” verin və azadlığa buraxın. Axı, hökumətin “kitab”ında töhmət ən ağır cəzadır.  Axı, siyasi məhbusları da anti-milli olmaqda,  ermənipərəstlikdə, xuliqanlıqda, vergidən yayınmada ittiham edirsiz. O zaman bütün siyasi məhbuslara da “ağır” cəza olaraq “töhmət” verin. Biz inanaq ki, 6, 8, 10 il həbs cəzası “töhmət”in qarşısında heç nədir. Məsələn, Seymur Həziyə, Xədicə Ismayıla, Intiqam Əliyevə, Asif Yusifliyə, Tofiq Yaqubluya və digərlərinə 100 dəfə töhmət elan edin.  Edərsiz? Etməzsiz. Çünki, “töhmət”lər günahkarlar üçündür, ağır zillətlər isə günahsızlar. Adlarını sadaladığım adamlara isə “töhmət” yox, “Şöhrət” düşür. Amma hökumətin payladığı “Şöhrət” dən yox. azadliq /

Google+ WhatsApp ok.ru