Azərbaycan əhalisinin sayı 12 milyona çatacaq

Azərbaycanda əhalinin sayının artaraq 2050-ci ildə 12 milyon 100 min nəfər olacağı proqnozlaşdırılır. Bu barədə Vaşinqtonda yerləşən "Population Reference Bureau" təşkilatının 200-dən artıq ölkədə apardığı araşdırmaların nəticəsinə dair hesabatda bildirilib. 
 
Hesabat müəllifləri Azərbaycan, Gürcüstan və Ermənistanı Asiya qitəsində yerləşən ölkə kimi təqdim ediblər. Əhalisinin sayına görə, Azərbaycan hazırda dünya ölkələrinin sıralamasında 91-ci, Asiyada isə 27-cidir. 2050-ci ilin proqnozuna görə, Azərbaycan dünya dövlətlərinin siyahısında 92-ci, regional sıralamada isə 30-cu olacaq. Hesabata görə, Azərbaycanda kişilərin orta ömrü 72, qadınlarda isə 77-dir.
 
Hesabata görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyon nəfərdir və dünya ölkələri arasında 138-ci və Asiyada isə 43-cü yerlərdə qərarlaşıb. Məlumata görə, 35 ildən sonra Ermənistanın əhalisi indikindən 500 min nəfər az, yəni 2 milyon 500 min nəfər olacaq. Bu isə ona düynada 147-ci və regionda isə 45-ci yerlərə sahiblik etməyə imkan verəcək. Hesabata görə, Ermənistanda kişilərin orta ömrü 72, qadınlarda isə 78 ildir.
 
Hazırda 3 milyon 800 min nəfər əhalisi olan Gürcüstan dünya ölkələrinin sıralamasında 132-ci, Asiyada isə 41-dir. Hesabata əsasən, 2050-ci ildə Ermənistandan fərqli olaraq Gürcüstanın əhalisi artaraq 4 milyon 700 min nəfər olacaq. Buna baxmayaraq, bu ölkə dünya və region ölkələrinin renkinqində öz yerini dəyişməyəcək.

Google+ WhatsApp ok.ru