`​Sulutəpə dairəsində` tıxacın aradan qaldırılması - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndə tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün əlavə tədbirlər görülüb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Maide.az-a verilən məlumata görə, bundan öncə dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edə bilirdilər: "Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb".
Nazirlikdən bildirilib ki, bundan başqa, dairəyə daxil olan yollarda genişləndirmə işləri də həyata keçirilib. Yolun kənarlarında yerləşən və səki daşları ilə əhatə olunmuş təhlükəsizlik adacıqları kiçildilib: "Nəticədə yolun hərəkət hissəsi 3-3,5 metr genişlənib. Dairəni keçməklə Şamaxı istiqamətinə doğru olan yolun kənarında olan əyrixətli dəmir tirlər də kəsilərək götürülüb. Nəticədə bu istiqamətdə də yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişlənib.
“Sulutəpə dairəsi”ndə tıxacların aradan qaldırılması üçün atılan addımlardan başqa, dairəyə daxil olan yollarda deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpa edilməsi işləri də aparılıb. Köhnə asfalt-beton örtüyü qaşınaraq, daşınıb və həmin hissələrə yeni asfalt örtüyü döşənib. Həmçinin əyilmiş, sıradan çıxmış əyri xətli dəmir tirlər yeniləri ilə əvəzlənib".

Google+ WhatsApp ok.ru