Şəhid atası iki məmur barədə ilginc faktlar açıqladı

Şəhid atası Əli Hüseynov “Aqrarkredit”in rəhbəri Məmməd Musayev və Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevin sərt ittihamlar səsləndirib. O, prezident İlham Əliyevə ünvanladığı müraciətdə adıçəkilən məmurların ondan “şapka” tələb etdiyini bildirib. Əli Hüseynov müraciətin bir surətini də İstiqlal.az saytına ünvanlayıb. Şəhid atası yazır ki, Məmməd Musayevlə Şirzad Abdullayev açıq-aydın pna qarşı qərəz nümayiş etdirir. “Cənab prezident, bu məmurlar mənə, şəhid atasına qarşı hörmətsizlik edirlər. Mənimlə ötür-ötür oyunu oynayırlar, süründürməçiliyə məruz qalırlar. Məmməd Musayevə rəsmi müraciət etmişəm, amma indiyə qədər mənə cavab verməyib. Azərbaycanın gözəl qanunları və sizin kimi ədalətli prezidenti var. Amma bu məmurlar öz hərəkətlərilə Azərbaycan qanunlarına və sizə hörmətsizlik edirlər. Bütün bunların kökündə isə mənim bu adamlara “şapka” verməməyim dayanır”,-deyə şəhid atası müraciətində yazır.
 
Əli Hüseynov daha sonra bildirir ki, Şirzad Abdullayev məhz qanunsuz əməlləri sayəsində restoran sahibi olub: “Görünür o, çoxlarında “şapka” alıb ki, milyonluq obyektlərə sahibdir. Konkret olaraq deyim ki, “Çinar” restoranı Şirzad Abdullayevə məxsudur. Bu restoranı hansı pulla tikdirdiyini artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırmalıdır.
 
Məmməd Musayevin oğlu isə “Turan Bank”ın rəhbəridir. Onun kreditləri hansı şərtlərlə verməsi də araşdırma predmetidir.
 
Cənab prezident, mən bu şəxslər haqqında bildiyim bütün həqiqətləri mətbuat vasitəsilə açıqlamaq istəmirəm. Sizdən xahiş odur ki, ədalətli prezident olduğunuzu sübut edərək bu adamlar barəsində araşdırma aparılmasına göstəriş verəsiniz, o zaman da bildiyim həqiqətləri deməklə araşdırmaya yardımçı olaram. Həmçinin mənim problemimi də diqqətdə saxlamanızı xahiş edirəm”.

Google+ WhatsApp ok.ru