Bakıdakı bu 881 ev söküləcək

Xırdalan şəhərindəki “Mexkalon” adlandırılan ərazidə, dəmir yolunun kənarında bir çox evlər tikilib. Evlərin əksəriyyəti dəmiryol xəttinə çox yaxındır.

Bu ərazidən yeni istifadəyə verilmiş Bakı-Xırdalan-Sumqayıt qatarları keçəcək. Hökumət bəyan edib ki, qatar xətti boyunca ərazidə xeyli sayda qanunsuz tikililər var və onların “təmizlənməsi” lazımdır.

Lakin “Mexkalon” ərazisində yaşayan sakinlər bu planlardan xəbərsizdir. Onlar bildirirlər ki, ərazidəki evlərin əksəriyyətinin sənədi yoxdur.

Bakı-Xırdalan-Sumqayıt qatarlarının keçdiyi ərazidə dəmiryol xəttinə yaxın evlər

2004-cü ildən burada yaşayan Amil Hüseynov evini özü tikdiyini deyir. O, məcburi köçkündür. Həyətdə yerləşən digər evləri göstərərək “bu - qardaşımın, bu - bir əmioğlunun, o da o biri əmioğlunundur, heç birinin də sənədi yoxdur” deyir.

A.Hüseynovun sözlərinə görə, evini sənədləşdirməyi çoxdandır arzulayır, amma məcburi köçkün olduğu üçün bu problemlidir.

Evlərin sökülməsini istəməyən A.Hüseynov şəraitindən razıdır, amma qərar tətbiq ediləcəyi halda etiraz da etməyəcəyini deyir.

Sakinlərin bəzisi şəraitindən razıdır, bəzisi narazı

Uzun müddətdir burada yaşayan Ruslan Lətifli ərazidəki evlərin çoxunun sənədsiz olduğunu, bəzilərinin isə bağ sənədi adı ilə alındığını deyir. O, həm də hərəkət edən qatarların sakinlər üçün təhlükəli olduğunu bildirir.

“Hər gün benzin dolu vaqonlar keçir, biri aşsa, burada yaşayan hər kəsə ziyan dəyəcək” - R.Lətifli deyir.

Bir çox evin həyətində meyvə ağacları bar verib

12 ildir burada yaşayan Səkinə Əliyeva isə təxminən bir il öncə burada siyahıya alınmanın baş tutduğunu bildirir.

Onun sözlərinə görə, bir neçə şəxs ərazidəki bəzi evlərin plana düşdüyünü deyiblər. Amma o vaxtdan bəri yenidən yoxlanış keçirilməyib.

Səkinə xanım evinin sökülməsini istəmir. Deyir ki, kirayədə yaşamaqdan yorulduğu üçün illər öncə burada torpaq alıb, həmin torpaq sahəsində əkdiyi ağaclar da artıq böyüyüb. Həyətində saxladığı toyuqların isə həm ətini, həm də yumurtalarını sataraq ailə büdcəsinə yardım edir.

“O vaxt buranı əlacsızlıqdan aldım, pulum az idi. Amma indi burdan məni aparsalar da şəhərə getmək istəmirəm” - S.Əliyeva bildirir.

Ölkədə dəmir yolu mühafizə zolağında 2840 qanunsuz tikili var

Digər sakin Mahmud Mütəllimov evlərin sökülməsinə razıdır, bir şərtlə ki, kompensasiya ödənilsin. O, 20 ildir burada yaşayır və buranın şəraitindən şikayətçidir.

M.Mütəllimov deyir ki, evinə su və qazı öz şəxsi hesabına çəkdirib. İşıq isə problemdir. Sayğac qoyulsa da elektrik enerjisi fasilələrlə verilir.

Bundan başqa M.Mütəllimov evin yaxınlığında yerləşən magistral yola görə uşaqlarını rahat məktəbə göndərə bilmədiyini də əlavə edir: “O yolda dəfələrlə qəza olub. Piyada keçidi də qoymurlar”.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BBC-nin Azərbaycan xidmətinə deyir ki, Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il tarixli qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır və bu ərazidə tikinti aparmaq üçün Nəqliyyat Nazirliyinin icazəsi olmalıdır.

Rəsmi məlumata görə, hazırda ölkədə dəmir yolu mühafizə zolağında 2840 qanunsuz tikili var. Bunun 538-i qeyri-yaşayış, 2302-si isə yaşayış sahəsidir.

“Biz bu haqda sənədləri hazırlamışıq və Nəqliyyat Nazirliyinə təqdim etmişik. Nazirliyin tərkibində yaranan komitə 881 tikili haqda sökülmə qərarı verib. Hazırda sənədlər Nazirlər Kabinetindədir. Biz onlardan cavab gözləyirik” - deyə N.Əzməmmədov bildirir. virtualaz/

 

Google+ WhatsApp ok.ru