Əliyevlərin Gürcüstandakı biznesi FOTOLAR (ARAŞDIRMA)

I yazı
 
Tbilisidə bizi şəhərlə tanış edən taksi sürücüsü gürcülərin öz ölkələrini Sakartvelo adlandırdıqlarını söyləyir. Azərbaycandan olduğumuzu biləndən sonra isə “SOCAR” yanacaqdoldurma məntəqəsini göstərib, gülərək əlavə edir ki, indi biz Gürcüstana “SOCARvelo” deyirik.
 
Kasıb Gürcüstan neft pulları ilə zəngin olan Azərbaycan üçün cəlbedici ölkədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda yalnız yanacaqdoldurma və maye qaz məntəqələri açmaqla kifayətlənməyib. Gürcüstanın təbii qazla təchizatı da ARDNŞ tərəfindən həyata keçirilir. Regionunu Avropa ilə birləşdirəcək Bakı-Axalkalaki-Qars dəmir yolunun tikintisində də Azərbaycanın payı olduqca yüksəkdir. Dəmir yolunun inşası üçün Azərbaycan Gürcüstana 750 milyon ABŞ dolları həcmində azfaizli kredit verib. Eyni zamanda, yolun inşasını Azərbaycan şirkətləri həyata keçirir.
 
Xarici investisiyaya etiyacı olan Gürcüstan hakim Əliyevlər ailəsinin də diqqətini çəkib. Əliyevlər ailəsinə məxsus və ailəyə yaxın oliqarxlar Gürcüstanda geniş biznes şəbəkəsi qurub. Əliyevlər ailəsi Gürcüstanda bank-maliyyə sektoruna, daşımacılıq, turizim və qida saneyesinə külli miqdarda infestisiya qoyub. Hakim ailə biznesini gizlətmək üçün digər ölkələrdə olduğu kimi, Gürcüstanda da “proxy”lərdən geniş istifadə edir.
 
“SW İNN” necə “Qloriya” oldu?
Tblisinin mərkəzində, azərbaycanlıların məskunlaşdığı “Meydan” adlanan ərazidə Gürcüstanın ən dəbdəbəli otellərindən biri olan “Tiflis Palace” yerləşir. Otelin yaxınlığında isə Azərbaycanın indiki prezidenti İlham Əliyevin atası, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin büstü olan park var. “Meydan” sakinləri “Tiflis Palace” otelinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsus olduğunu söyləyirlər. Araşdırmamıza elə bu informasiyanı əsas götürərək başladıq.
 
Gürcüstan Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi reystir bazasındakı (https://enreg.reestri.gov.ge) məlumatlara görə, otel “Qloriya” şirkətinə məxsusdur. “Tiflis Palace” otelinin sənədlərini araşdırarkən məlum olur ki, otel əvvələr “Dzvelli Tblisi”(Qədim Tblisi) MMC-yə məxsus olub. 2009-cü ilin 24 dekabr tarixində Tbilisi şəhərində Maya Beregvadzenin natarius kontorunda təsdiqlənən “Alqı-satqı” müqaviləsinə əsasən, İsrail vətəndaşı Akakiy Qorialaşvili Tbilisi şəhəri Qorqasali kücəsi 3 ünvanında yerləşən “Dzvelli Tblisi” MMC-ni Azərbaycan vətəndaşı, həmin tarixdə Əliyevlər ailəsinə məxsus “Silk Way” Holdiq tərəfindən Gürcüstanda təsis edilmiş “Silk Way Georgiya” şirkətinin prezidenti vəzifəsində calışan İlham Əsədova satıb. İlham Əsədov eyni tarixdə və eyni natarius kontorunda Gürcüstan Respubilkasının vətəndaşı Tengiz Abuladze ilə bağladığı digər alqı – satqı müqaviləsinə əsasən “Dzvelli Tblisi” otelinə bitişik, Axundov kücəsi 4 ünvanında yerləşən 373 kvadratmetr ərazini və ərazinin üzərində olan 216.28 kvadratmetrlik binanı satın alıb.
 
 
İlham Əsədov 2010-cu ilin fevral ayının 10-da “Dzvelli Tbilisi” MMC-ni ləğv edərək “SW-INN” MMc-ni təsis edib.
Gürcüstan Respubilkası Ədliyyə Nazirliyinin Milli Dövlət Qeydiyyat Agentliyinin rəsmi saytındakı məlumatlarını araşdırarkən, “SW-INN” MMC təsis edildikdən sonra Əliyevlər ailəsinin biznes ortaqlarının, ailənin biznesini idarə edən şəxslərin yeni şirkətdə pay sahibi olduqlarının və şirkətin rəhbərliyində təmsil edildiklərinin şahidi oluruq. 20 fevral 2010-cu il tarixində “SW-INN” MMC-nin təsisçisi İlham Əsədovun qərarı ilə “SW-INN”-MMC-nin əmlakı Məlahət Cahangir qızı Əsgərovaya (35%), Cəmilə Changir qızı Əsgərovaya (35%) və Zaur Sənan oglu Axundova (30%) satılıb. Məlahət və Cəmilə Əsgərovalar “AZAL”Dövlət Konserinin prezidenti Cahangir Əsgərovun qızları olmaqla yanaşı “Silk Way” Holdinqdəprezident İham Əliyevin qızı Arzu Əliyeva ilə şərikdirlər (http://www.azadliq.org/content/article/2123076.html ). “SW-INN”-MMC-də pay sahibi olan Zaur Axundov isə “Silk Way” Holdingin prezidenti və Azərbaycan Respublikasi Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiya üzvdür. “SW-INN” MMC-nin təsisçilərinin 11 may 2011-ci il tarixində Tbilisi şəhərində keçirdikləri yığıncağın 1 saylı protokoluna əsasən, Sənan Axundov şirkətdə olan 30 % -lik payını Zərifə Kamil qızı Həmzəyevaya satıb. Zərifə Həmzəyeva “Silk Way” Holdinqdə hissə sahibi olmaqla yanaşı, “AZAL” Dövlət Konserinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır. 1 mart 2012-ci tarixində Bakı şəhərində “SW-INN” MMC-nin təsisçilərinin növbədənkənar yığıncağında Marokko Kralığının vətəndaşı, prezidentin qızı Arzu Əliyevaya məxsus “Silk Way” Holdinqin təsiscilərindən olan “İnternational Holding Companiy Limited” şirkətinin drektoru Jaouad Dbila MMC-nin yeni drektoru təyin edilib. Jaouad Dbila direktor vəzifəsini 2013-cü il dekabrın 27-nə qədər icra edib. İlham Əliyev cənab Dbilaya yüksk biznes imtiyazları verməklə kifayətlənməyib. 31 may 2014-cü il tarixində prezident İlham Əliyev Jaouad Dbilanı mülki aviasiya sahəsində səmərəli xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edib.
“SW-INN” MMC yalnız Tbilisidə yox, Batumidə də əmlak sahibi olub. 2011-ci il iyunun 17-də Acarıstan Muxtar Respubulkasının Maliyyə və İqtisadiyyat Nazirliyi ilə “Sedant” qismində 110616368 saylı müqavilə imzalayan Zərifə Həmzəyeva Batumi şəhəri Ximşiaşvili küçəsində 999 kvadratmetr qeyri- kənd təsərrüfatı sahəsini cəmi 1 lariyə satın alıb. Müqaviləyə əsasən, ərazidə otel inşa edilməli və Gürcüstan vətəndaşları işlə təmin olunmalıdırlar. 2012-ci il oktyabrın 12-də Z. Həmzəyeva ilə “SW-INN” MMC-nin drektoru Jaouad Dbila arasında Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda bağlanan alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi “SW-INN” MMC-nin balasına keçirilib.
 
2013-cü il iyunun 19-da “SW-INN” MMC-nin təsisçilərinin Bakı şəhərində keçirilən növbədənkənar yığıncağında “SW-INN” MMC-nin adının dəyişdirilərək, “Gloria” qoyulması barədə qərar qəbul edilib. Həmin iclasda “Gloria” MMC-nin kapitalının artırılması barədə də qərar qəbul olunub. Qərara əsasən, Zərifə Həmzəyevaya məxsus Batumi şəhəri K. Qamsaxurdiya kücəsi 8-10 saylı binalar, həmin küçədə yerləşən 5 və 6 saylı avtodayanacaqlar və 618 kvadratmetirlik qeyri – yaşayış binası “Gloria”MMC-nin əmlakına daxil olunub. Bundan sonra “Gloria” MMC-də pay bölgüsü aşagıdakı kimi müəyyən edilib.
 
Əsgərova Cəmilə Cahangir qızı – 24.62% ( 835.308.36 GEL.)
 
Əsgərova Məlahət Cahangır qızı- 24.62% (835.308.36 GEL.)
 
Həmzəyeva Zərifə Kamil qızı – 57.76 % (1.722.478.59 GEL.)
 
Beləliklə, 2013-cü il iyunun 19-da olan rəsmi məlumata görə, “Qloria”MMC-nin ilikn kapitalı 3.333.095.31 GEL həcmində olub.
 
Hazırda “Gloria”MMC Batumidə Xişaşvili küşəsində, bulvar ərazisində “Qazelli” otelini inşa etdirir. Oteldə tamamlanma işləri həyata keçirilir. İnşaat işlərini Türkiyənin “MPA” İnşaat Şirkəti həyata kecirir. Digər türk şirkəti – “Zema” İnşaat Şirkətinin rəsmi internet saytının məlumatına görə, “Gloriya” MMC Batumidə gözəllik salonu inşa etdirir.
 
Böhran oloqarxlardan da yan kecməyib
Azərbaycanda baş verən iqtisadi böhran Əliyevlər ailəsi və onlara yaxın oliqarxlardan da yan kecməyib. Gürcüstanın “netgazeti.ge” portalının verdiyi məlumata görə, Batumidə dəniz kənarında inşa edilən “Gloriya” hotelində işlər dayandırılıb. Hotelin inşasına nəzarət edən azərbaycanlı nümayəndə tikintinin maliyyə catışmazlığı üzündən dayandırıldığı barədə məlumat verib.
Hotelin inşasını həyata kecirən şirkətinin rəsmisi də portala verdiyi verdiyi acıqlamada tikinti işləri maliyyə catışmazlığı üzündən dayandırlıdığını söyləyib: “Biz işimizi görmüşük, qalan işlər otelin sahiblərindən aslıdır”. Məqalədə həmçinin otelin satışa cıxarıldığı bildirilib. “Gloriya” şirkəti “netqazeti.ge” saytının suallarını cavablandırmayıb.
 
Otelləri inşa edən şirkətlər müəmmalı şəkildə Azərbaycanda tenderlərin qalibi olub
 
“Tiflis Palace” otelinin restavrasiyası və “Qazelli” otelinin inşası Türkiyənin “MNG” Şirkətlər Qrupuna daxil olan “MPA” İnşaat və Ticarət AŞ tərəfindən həyata keçirilib. Türkiyənin MNG Şirkətlər Qrupuna aid MPA İnşaat və Ticarət AŞ-nin rəsmi internet (http://www.mng-mapa.com.tr) səhifəsinin “yurd dışı projelər” bölümündə yer alan məlumatlara görə, 46 otaqdan ibarət “Tiflis Palace” otelinin restavrasiyasına 5 milyon ABŞ dolları, 155 otaqdan ibarət 4 ulduzlu “Qazelli” otelinin inşasına 33 milyon 500 min ABŞ dolları sərf edilib.
“AZAL” Dövlət Konsernin prezidentinin ailə üzvülərinə məxsus otelləri inşa edən MAPA İnşaat və Ticarət AŞ Azərbaycanda dəyəri milyonlarla manat olan dövlət sifarişlərini həyata keçiriblər. Şirkətin rəsmi internet səhifəsində yer alan məlumatlara görə, MPA İnşaat və Ticarət AŞ Bakıda dəyəri 178 milyon ABŞ dolları həcmində helikopter hanqarı, dəyəri 26 milyon ABŞ dolları həcmində olan təyyarələrə texniki baxış hanqarı, dəyəri 15 milyon ABŞ dolları həcmində kargo hanqarı və Heydər Əliyev adına Hava Limanının xarici uçuş xətlərini inşa edib. Xarici uçuş xətlərinin inşası 125 milyon ABŞ dolları həcmində qiymətləndirilib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet saytında “AZAL” Dövlət Konsernin keçirdiyi tenderlər barədə məlumatlar yoxdur.
Batumidə “Qazelli” gözəllik salonunun son tamamlanma işlərini həyata keçirən “Zema” İnşaat şirkəti də Azərbaycanda bir sıra çoxmilyonluq dövlət layihələrinin həyata keçirilməsində iştirak edib. “Zema” İnşaat şirkətinin rəsmi internet saytında (http://www.sema-insaat.com/default.asp?x=21&sayfa=2&durum=1&Agrup=D%DD%D0ER_PROJELER ) yer alan məlumatlara görə, şirkət Azərbaycanda Heydər Əliyev adına Hava Limanının inşasında yaxından iştirak edib, bir sıra rayonlarda yeni aeroportların inşasını həyata keçirib. “Zema” İnşaat Azərbaycanda dövlət sifarişlərini həyata keçirməklə yanaşı, Zərifə Həmzəyevaya məxsus “Qazelli” şirkətinin Azərbaycanda yerləşən fabrikini inşa edib. Diqqətçəkən məqamlardan biri də “Zema” İnşaat Şirkətinin Rusiya Federasiyasında İlham Əliyevin keçmiş qudası, Leyla Əliyevanın qaynatası Araz Ağalarova məxsus “Krokus” şirkətinin sifarişi ilə çoxsaylı binalar inşa etməsidir. Sonda onu da qeyd edək ki, hər iki şirkət Gürcüstanda yalnız “Gloriya” şirkətinin sifarişlərini həyata kecirib.  meydan.tv /
 

 

Google+ WhatsApp ok.ru