Əsəd: Ərdoğan və Davudoğlu heç kimə tövsiyə verə bilməz

Suriya Prezidenti Bəşər Əsəd Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun ölkəsinə tövsiyə vermək hüququ olmadığını deyib. Əsəd, "Ərdoğan və Davudoğlu dünyada da heç kimə məsləhət verə bilməzlər. Həqiqət budur. Bu qədər sadə və aydın", - deyib.
 
Maide.az xəbər verir ki, İran televiziyasına müsahibə verən Əsəd Türkiyə cəmiyyətində son dövrdə müşahidə olunan parçalanmanın səbəbkarının da Prezident Ərdoğan olduğunu deyib. Suriya lideri, "Türkiyə illərlə sabit bir ölkədir. Ancaq Ərdoğan, bölücülük dili, fitnə ritorikası və cəmiyyətin müxtəlif təbəqələrinə qarşı ayrı-seçkilik rəftarı ilə bu dövrə son verib" deyə bildirib.
 
Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının Qərb ölkələrinin gündəminə görə hərəkət etdiklərini söyləyən Əsəd, Suriyadakı problemin özünə qarşı tənqidlərlə fərdiləşdirməyə cəhd edildiyini söyləyib.
 
Əsəd, "ABŞ və müttəfiqləri, Ərdoğan və Davudoğlu hökuməti terrorçuları dəstəkləyərkən, onların Türkiyə sərhədindən silah və pulla keçməsinə icazə verərkən, Suriya və İraqda terörizmle - İŞİD-lə necə mübarizə aparıla bilər", - deyə sual edib.
 
Türkiyə, İordaniya, Qətər və Səudiyyə Ərəbistanını Suriyaya terrorçu göndərməklə günahlandıran Əsəd, beynəlxalq cəmiyyətin bu ölkələrə təzyiq etməsini istəyib. Əsəd, "Əgər bu edilərsə, problem olmayacaq. Suriyadakı problemin həlli heç də mürəkkəb deyil. Çünki bu ölkələr Suriya xalqına düşməndir. Onsuz da ölkəmizdəki problemin səbəbi də onlardır", - deyib.

Google+ WhatsApp ok.ru