“Toyota” ciplərini İŞİD-ə ABŞ bağışlayıb

“Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” misalı alovu səngiməyən Yaxın Şərqdə Qərbin qızışdırıcı rolunu bir daha ifşa edən növbəti qalmaqalda təsdiqini tapdı.

Yox, qalmaqal tez səngidi və böyüdülmədi - onu yaratmaq istəyənlər özlərini ifşa etməli oldu. Çünki başqalarını nədə suçlamaq istəyirdilərsə, həmin suçun özləri tərəfindən işlədildiyi ortaya çıxdı.

Başqa əyyamlarda asimmetrik informasiya müharibəsi həqiqətin üzə çıxmasına imkan verməzdi. Yəni yalnız bir təbliğat vardı - Qərb təbliğatı. Və Qərb nə deyirsə, hamısında haqlı sayılırdı. Ən absurd və məntiqsiz ittihamlarda belə...

O birtərəfli və cavablandırılmayan təbliğatda hamı Səddamın nüvə silahına malik olduğuna da, müxalifətçiləri sulfat vannalarında əritdiyinə də dərhal ianırdı.

Yaxud inanırdılar ki, Qəzzafi müxalifəti dəstə-dəstə edam edir. Şimali Koreyada isə əsas qida rasionu ot-ələfdən ibarətdir.

İndi həmin birtərəfli təbliğat artıq keçmir.

Son misal - ABŞ Maliyyə Nazirliyi “Toyota” şirkətinə qarşı. Məsələnin məğzi sadə və aydındır: Suriya və İraqda İŞİD yaraqlılarının sevimli nəqliyyat vasitəsi “Toyota” şirkətinin istehsalı olan avtomobillərdir.

Barbarlarda bu yapon maşınlarından yüzlərlədir. Bu gerçəkliyi yüzlərlə videoçəkiliş təsdiq edir.

Və elementar sual yaranır: avtomobilləri "islamçılara" kim yollayır?

Əlbəttə, ilk şübhə “Toyota” şirkətinin üzərinə düşür. Yəni şirkət beynəlxalq terrorçularla işgüzar münasibətlərdədir və onlara avtomobil satır.

Avtomobillərin Suriya və İraqa necə gedib çıxdığını əsl təhqiqat mövzusuna çevirən Vaşinqton və ona züy tutan rəsmi London nədənsə qat-qat taleyüklü məsələləri araşdırmaqdan qaçır. Məsələn: İŞİD-dən ucuz nefti kim və necə alır? (halbuki cavab üzdədir - Türkiyə alır).

Yaxud terrorçuları kim silahlandırır, onları kəşfiyyat məlumatları ilə kim təmin edir, yaralılar hansı ölkələrin ərazilərində müalicə olunur?

Əlbəttə, bu suallar daha vacibdir, ancaq ABŞ susur.

Deməli, Dövlət Departamenti çox mühüm saydığı maşın qalmaqalına görə “Toyota”ya rəsmi sorğu göndərir.

Yaponlar da dərhal cavab verir: “Biz maşınlarımızın Suriya, İraq və Liviyaya aparıb çıxaran marşrutundan bixəbərik. Həmin ölkələrə artıq neçə ildir ki, avto satmırıq. Suriyaya son dəfə 2012-ci ildə maşın satmışıq”.

Yəni “Toyota”dan bildirirlər ki, bu təhqiqatda özləri də maraqlıdırlar, Dövlət Departamentinə bu işdə yardım etməyə da hazırdırlar.

Ancaq təhqiqat-filan olmayacaq. Çünki hər şey çox tezliklə aydınlaşır. Məlum olur ki, “Toyota” maşınlarını Suriya və İraqa ABŞ Dövlət Departamenti və Britaniya hökuməti bağışlayıb!

Bunu təsdiq edən faktları Ron Pol Dünya və Sülh İnstitutunda çalışan politoloq Toni Kartaluççi açıqlayıb. Həm də bəlli olub ki, sübutlar üçün heç uzağa getmək də lazım deyilmiş - bu sübutlar amerikan və ingilis mətbuatında vaxtilə dərc olunub.

Məsələn, 2013-cü ildə The İndependent qəzeti ABŞ-ın fantom “Azad Suriya Ordusu”na (ASO) onlarla “Toyota” maşınları bağışladığını yazıb.

Yaxud 2014-cü ildə London radiolarından biri (“Beynəlxalq İctimai Radio”) Suriya müxalifətinin nümayəndəsi kimi təqdim olunan Oubay Şahbandarla müsahibə edib və bu sonuncu Britaniya hökumətinin ASO-ya 43 pikap göndərdiyini təsdiqləyib.

Göründüyü kimi, maşınlar elə əvvəlcədən birbaşa terrorçulara peşkəş olunub.

Üstəlik, indi Vaşinqton və Londonun görməzlikdən gəlmələrinə baxmayaraq bu qalmaqal ASO-nun əslində Suriya müharibəsindəki missiyasını da ortaya çıxarır.

Yəni bu “fantom müxalifət”in vəzifəsi Qərbin yolladığı silah-sursat, kadr, ərzaq, dərman və texnikanı İŞİD-ə bağışlamaqdan ibarətdir. Bir sözlə, ASO “çətir təşkilat” olub ortada əlaqələndirici rolunu oynayır. /

 

 

Google+ WhatsApp ok.ru