Ərzaq məhsullarının qiyməti yenə də bahalaşdı

Ərzaq məhsullarının qiyməti yenə də bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq məhsulları 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərində isə dəyişikliklər baş verməyib. Ümumilikdə istehlak məhsulları və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb. 
 
İş o yerə çatıb ki, bir çox marketlərdə artıq ərzaqların üzərinə qiymətləri qeyd edilmir. Hansısa bir ərzağın qiymətini bilmək üçün kassaya yaxınlaşmaq məcburiyyətində qalmalı olursan. Satıcılar qiymətləri piştaxtalara qeyd etməməyi hər gün qiymətlərin bahalaşması ilə izah edirlər. 
 
“Sabko” marketin satıcısı bildirdi ki, qiymətlərin piştaxtaya yapışdırırlar, səhəri gün isə qiymət tamam başqa olur: “Qiymətləri ərzağın üzərinə yapışdırmaq mənasızdır. Çünki hər gün 3-4 qəpik də olsa qiymətlər bahalaşır. Daha çox yağ, çay, düyünün qiyməti artıb. Bizə hər dəfə firmadan fərqli qiymətə gətirirlər. Ona görə də hər dəfə qiymətləri dəyişmək mümkün olmur”.
 
Digər baş çəkdiyimiz “Ailəm” və “Makro marketdə”də  qiymət artımını müşahidə etdik. Xüsusən də zəruri ərzaq məhsullarının qiymətində qəpiklərlə artım vardı. Ancaq bu qəpiklər elə qeyd edilib ki, insana çox kiçik bir rəqəm kimi görünür. Məsələn 65, 99, 15 qəpik kimi qeyd edilən artımlar sanki insanın gözünü aldadırdı. Unun, yumurtanın, xamanın qiymətində 5 qəpik,  manqalüstü sosiskanın qiymətində 50 qəpik, çayların qiymətində 15-30 qəpik arası, yağlarda növündən və istehsal yerindən asılı olaraq 20-80 qəpik arası, pendirlərdə 40-60 qəpik, şirniyyatlarda, 30 qəpik, konfetlərdə isə növündən asılı olaraq 50 qəpikdən 2 manatadək bahalaşma müşahidə etdik. 
 
Qeyd edək ki, ərzaq məhsulları ilə yanaşı sənaye məhsullarının da qiyməti bahalaşıb. Rəsmi statistikaya görə, sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşıb. Oktyabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, inşaat materiallarının, dərmanların, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.  
 
İqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, bu, devalvasiyanın fəsadları ilə əlaqədardır: “Ümumiyyətlə, Azərbaycanın istehlak bazarının strukturu bərbad vəziyyətdədir. Burada heç bir rəqabət mühiti yoxdur. Sahibkarların, iş adamlarının istehsalçıların hüquqları qorunmur. Yəni Azərbaycan bazarında qiymət mexanizmləri heç bir elmi izahı olmayan bir vəziyyətə düşüb. Qiymətlərin bahalaşmasının ən böyük səbəbi istehlak bazarında monopoliyaların olmasıdır. Yəni bu monopoliyalar istənilən vaxt qiymət artımını diqtə edirlər. İstənilən situasiyada onların qarşısını inzibati yolla almaq mümkün deyil. 
 
Ölkənin gəlirləri azaldığından həmin monopolistlər daha çox qiymət artımı hesabına onlara dəyən ziyanı kompensasiya etmək istəyirlər. Təbii ki, belə bir vəziyyətdə qiymət artımları qaçılmazdır. Amma qiymət artımına səbəb olan obyektiv amillər də var. Devalvasiyanın fəsadları hələ də özünü göstərməkdədir. Bu da qiymət artımına təsir edən amillərdən biridir. Amma daha çox səbəb bazarlardakı monopoliyanın yaratdığı amillərdir. 
 
Bu, inzibati idarəetmənin yaratdığı amillərdir. Bu, Azərbaycanda korrupsiya mühitinin və iş adamlarına qanundankənar ödənişlərin yaratdığı amillərdir. Bu amillər həllini tapmayınca, Azərbaycanda qiymətlər, xüsusən də istehlak bazarında artmaqda davam edəcək”. musavat/
 

Google+ WhatsApp ok.ru