“Li-Fi” Wi-Fi-dan yüz dəfə daha sürətlidir

Radio dalğaların əvəzinə, məlumatların ötürülməsi üçün işıqdan və ya görünən spektrdən istifadə edilən yeni texnologiya ilk dəfə iş yerlərində tətbiq edilib.
 
Maide.az xəbər verir ki, “Li-Fi” adı ilə tanınan bu texnologiyada informasiyanın ötürmə sürəti cari ənənəvi texnologiyadan, yəni Wi-Fi- dan 100 dəfə çoxdur və saniyədə bir Gbps-ə çata bilər. Bu sürətlə, uzun ekranlı bir filmi yüksək keyfiyyətlə təxminən bir saniyə ərzində yükləmək mümkündür.
 
Həmin texnologiyadan istifadə etmək üçün, LED lampaları kimi işıq mənbələrindən əlavə, işıq sensoru və internet bağlantısı tələb olunur.
 
Bu üsul keçən günlərdə Estoniyanın paytaxtı Tallin şəhərində Velmenni şirkəti tərəfindən sınaqdan keçirilib.
 
Bu test zamanı, “Velmenni” saniyədə bir Gbps sürətlə informasiyanın ötürməsi üçün “Li-Fi” lampalarından istifadə edib. Laborator testlər onu göstərir ki, bu sürət nəzəri cəhətdən saniyədə 224 Gbps-ə çata bilər.
 
“Li-Fi” texnologiyası bir idarədə və istifadəçilərin internetə çıxış əldə etməsi üçün, eləcədə bir sənaye obyektində bir növ işıqlandırma üsulu kimi tətbiq edilmişdir.
 
“Velmenni” şirkətinin direktoru Deepak Solanki deyir ki, bu texnologiya “3-4 il ərzində" ümumi istifadəyə verilə bilər.
 
Bir lampa ilə video göstərmək
 
“Li-Fi” termini bu texnologiya üçün ilk dəfə Edinburq Universitetinin professoru Herald Has tərəfindən 2011-ci ildə TED mövzusu ilə bağlı bir çıxışı zamanı istifadə edilib.
 
O, bu çıxışda bir video göstərmək üçün LED lampasından istifadə edib.
 
Has milyardlarla lampanın simsiz internet hotspotlar rolunu oynayacağı bir gələcək proqnoz edib.
 
“Li-Fi”-ın əsas üstünlüklərindən biri budur ki, “Wi-Fi”-ın əksinə olaraq,  digər siqnallara müdaxilə etmir və buna görə də, dalğaların müdaxiləsi ciddi məsələ sayılan təyyarədə və ya başqa yerlərdə istifadə edilə bilər.
Dünyada radiotezlik spektrinin sürətlə dolduğu bir vaxtda, görünən dalğalar və ya işıq spektri 10 min dəfə böyükdür və bu tezlikdə bir problemlə qarşılaşmayacaq.
 
Bununla belə, “Li-Fi” texnologiyasının zəif cəhətləri də var ki, onların da ən başlıcası açıq havada və birbaşa günəş işığı altında istifadə edilə bilməməsidir, çünki müdaxilə problemi yaranır.
 
Daha bir problem odur ki, görünən dalğalar divara nüffuz etmir və bu səbəbdən yalnız maneəsiz məkanda istifadə edilə bilər.
 
Bu cəhətdən, “Li-Fi” texnologiyası çox güman ki, ilkin mərhələlərdə məhdud məkanlarda və “Wi-Fi”-ın tamamlayıcısı kimi tətbiq ediləcək./
 

Google+ WhatsApp ok.ru