“Mələfəni ip formasına salaraq...” - Polkovniklə bağlı rəsmi açıqlama -YENİLƏNİB 2

Xəbər verdiyimiz kimi, bu gün MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BIT) özünü asıb.
 
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Penitensiar Xidmət məlumat yayıb.
 
"Dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.
 
Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
 
Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.
 
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır", - açıqlamada deyilir.
 
 ****
"Mənə deyilən odur ki, deyəsən həqiqətən İlqar Əliyev ölüb”- bunu MTN-nin Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin vəkili  Rəşad Mirmehdizadə  Meydan TV-yə deyib.
 
O bildirib ki, hazırda  Sabunçu rayonunda yerləşən Məhkəmə Tibbi Ekspertizasına gedir: "Yəqin ki, onun meyitini Sabunçu ərazisinə gətirəcəklər. Hazırda yoldayam, “morqa” gedirəm”.
 
****
Eldar Mahmudov MTN naziri vəzifəsindən qovulandan sonra onun ifşa edilən cinayətkar dəstəsinin əsas üzvlərindən biri, MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.
 
Məlumata görə, həbsdə olan İlqar Əliyev təxminən 16 radələrində  intihar edərək özünü öldürüb.
 
“Qafqazinfo” saytının məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlamağa çalışsa da bu cəhdləri nəticəsiz qalıb.
 
Qeyd edək ki, İqar Əliyevin barəsində oktyabrda SəbaYEl Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
 
“Polkovnik İlqar Əliyevin intihar etməsi ilə bağlı araşdırmalara başlanıb. Fakt üzrə cinayət işi açılıb. Bu hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək”.
 
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat verilib.
 
Xatırladaq ki, İlqar Əliyev Ədliyyə Nazirliyi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırdı.
 

 

Google+ WhatsApp ok.ru