Nardaran 20 gündür Daxili Qoşunların nzarətindədir- kənddən son xəbər

Nardaran 20 gündür Daxili Qoşunların və polisin nəzarətindədir. Bu müddət ərzində Nardarana kənd sakinlərindən başq heç kəs buraxılmır. Kəndin girişlərində qurulan polis postlarında kəndə girən, çıxan bütün maşınlar ciddi şəkildə yoxlanılır.
 
Musavat.com xəbər verir ki, kənddə əməliyyatlar davam edir. Əməliyyatlar xüsusi təyinatlılar və polis tərəfindən həyata keçirilir. Əkin sahələrində və evlərdə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən axtarışlar aparılır. 
 
Əldə etdiyimiz məlumata görə hazırda kənddə adı siyahıda olan və hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 50-dən çox kənd sakini var. Bu günədək keçirilən əməliyyatlar zamanı isə 60-dan çox kənd sakini saxlanılıb. Onlar arasında kənddəki məscidlərin axundları da var. Saxlanılanlar Sabunçu Rayon Polis İdarəsinə və “Banditzm”ə aparılıblar. 
 
Nardaranda saxlanılanların əksəriyyətinə 12, 15 və 30 sutka həbs verilib. Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da saxlanılanlar arasındadır. Ona verilən 12 sutkalıq həbs müddəti başa çatsa da sərbəst buraxılmayıb. 
 
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov musavat.com-a açıqlamasında bildirib ki, Nuhbala Rəhimovdan saxlanıldığı gündən xəbər yoxdur: “Saxlanılanlardan heç birindən xəbər yoxdur. Bildiyimiz qədəri ilə 70-ə yaxın adam saxlanılıb. Əməliyyatlar hər gün davam edir. Saxlanılanlardan bir gün sonra buraxılanlar da var. Amma çoxundan xəbərimz yoxdur. Haradadılar, nə qədər cəza alıblar, nə də təqsirləndirilirlər bilmirik”.
 
N.Kərimov kənddə görülən işlərdən hər kəsin razı olduğunu bildirsə də onu da əlavə etdi ki, kənddə hazırda mövcud olan əsas problem işsizlikdir: “Kəndin əksər gəncləri işsizdir. Qaz, işıq, su var. Amma bunu istifadə etdikdən sonra ödəmək üçün pul yoxdur. Çünki əksər insanlar işsizdir. İşığı veriblər. Amma gecə kəndə gəlib baxsanız görəcəksiniz ki, heç kim yandırmır. Çünki camaat bilir ki, bu pulu ödəyə bilməyəcək”.musavat/
 

Google+ WhatsApp ok.ru