“Bahalaşma Azərbaycanda təhlükəli siqaret istehsalını artıracaq”

Siqaret bəlkə də insan həyatında onu istifadə edənlər üçün qida, su və digər vacib, önəmli faktorlar sırasına aiddir. Yəni elə insanlar var ki, gündəlik yaşamlarını siqaretsiz təsəvvür edə bilmir...
 
Manatın sonuncu devalvasiyası nəticəsində bəzi insanlar üçün gündəlik ərzaq və digər tələbat məhsulları ilə eyni dərəcədə vacib sayılan siqaret məhsulları 30,40 və bəzi markalarda  isə 50 faiz bahalaşdı.
Görəsən belə bir vəziyyətdə istifadəsi geniş yayılmış tütün məhsullarının qiymətlərinin bu səviyyədə artması hansı müsbət və mənfi fəsadlara gətirib çıxaracaq? Burada qazanan və itirən kimlər olacaq ?
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, siqaretlərin qiymət artımından sonra bəzi insanların bu zərərli vərdişdən imtina edəcəyini düşünür: “Ümumiyyətlə, bu gün siqaretlərin qiymətinin artmasına dünyada gedən siqaret əleyhinə kampaniyanın tərkib hissəsi kimi baxıram. Necə gündür ki, bununla bağlı Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur. Bahalaşma siqareti kütləvi tərgitməklə nəticələnəcək. Bu çox yaxşı bir cəhətdir”.
 
Eyyub Hüseynov tütün məhsullarının qiymətlərinin artması ilə büdcəsinin doldurmaq üsulunun düzgün yanaşma olmadığını bildirib: “Siqaret məişət narkomaniyası sayılır. Əgər kimlərsə düşünürsə ki, bu yolla büdcəyə daxil olan gəlirləri artıracaq, bu, səhv yanaşmadır”. 
 
E.Hüseynov deyir ki, istifadəçilərin siqaretdən birdən-birə imtina etməsi mümkünsüzdür və bu tədricən baş verəcək.
 
Siqaretin qiymətinin artmasının mənfi fəsadlar doğrucağından danışan AİB sədrinin sözlərinə görə, bu, özünü keyfiyyətsiz, radiasiyalı mal istehsalında göstərəcək: “İndiki durumda onsuz da devalvasiya nəticəsində daxili istehsal olan və olmayan gündəlik tələbat, qida məhsullarının qiymətləri qalxıb. Bu səbəbdən də yeməyini, ac qalmamağını siqaretdən üstün tutan, normal düşüncəli insanlar bu zərərli vərdişdən vaz keçəcəklər. Əsas məsələ odur ki, qiymətlərin qalxması ilə onsuz da keyfiyyətsiz olan tütün məhsullarının ucuz olanlarına tələbat artacaq. Nəticədə isə nisbətən ucuz və zərərli tütün məhsulları istehlakçılara təklif olunacaq. Ölkədə onsuz da təhlükəli siqaretlər çoxdur. Qiymətlərin qalxması bu kimi təhlükəli malların satışını çoxaldacaq. 5 il əvvəl Azərbaycanda radiasiyalı siqaretlər müəyyən etmişdik. Belə siqaretlər insanda sağalmaz, çox qorxulu xəstəliklərə gətirib çıxarır”. /
 

Google+ WhatsApp ok.ru