“Maarifçiliyə Dəvət” İctimai Birliyi “20 Yanvar” faciəsini anıb

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin tanınmış ictimai və siyasi xadimləri, media nümayəndələri iştirak ediblər
Bu gün “Maarifçiliyə Dəvət” İctimai Birliyinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr edilən konfrans keçirilib. İslaminSesi xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin tanınmış ictimai və siyasi xadimləri, media nümayəndələri iştirak ediblər. 
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra isə Quran tilavət olunub.
İlk öncə moderator Seymur Abbas çıxış edərək 20 yanvar faciəsi haqqında məlumat verdi. Ardınca “Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri Elçin Manafov çıxış edib. Elçin Manafov 20 yanvar faciəsinin Azərbaycanın qan yaddaşı olduğunu bildirib. Bu hadisənin həm faciə, həm də qəhrəmanlıq nümunəsi kimi xalqın yaddaşına əks olunduğunu diqqətə çatdırıb. 
“Maarifçiliyə Dəvət” İctimai Birliyinin sədri 20 yanvar faciəsinin Azərbaycan xalqı üçün şəhadət qapısının açıldığı gün olduğunu vurğulayıb. Bu faciə nəticəsində, xalqımızın qanı bahasına Azərbaycanın müstəqillik qazandığını deyib. Elçin Manafov şəhidlərə göstərilən qayğının qənaətbəxş olmadığını bildirərək, bu istiqamətdə işlərin görülməsinin vacibliyini dilə gətirib.
Daha sonra tədbirdə Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyev söz alıb. Sədr əvəzi şəhidlərin öz qanı ilə hər şeyi izah etdiklərini vurğulayıb. Allah dərgahında şəhid qanının daha bərəkətli olduğunu deyən İlham Əliyev, buna səbəb kimi şəhid qanının həqiqət və insaniyyət yolunda axdığını göstərib. Şəhidlərin öz qanlarını, insanlığın, azadlığın, dəyərlərin yaşanması üçün axıtdıqlarını dilə gətirib.”
Ardınca çıxış üçün söz ziyalı-ağsaqqal Məsum Novruzova verilib. O, bildirib ki, şəhidlər ilahi məhəbbət nəticəsində belə bir uca məqama yetişiblər. Bu səbəbdən də şəhidlərin məqamı yüksək tutulmalı və onların xatirəsinin əbədiləşdirilməsi üçün bir çox işlər görülməlidir.
Daha sonra konfransda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədr müavini İlqar Əliyev çıxış edib. O, 20 yanvar hadisələrinin ağır faciə kimi tarixə düşdüyünü bildirib. 20 yanvar faciəsinin fəxarət günü kimi qeyd edilməsinin zəruriliyinə diqqət çəkib.
Ardınca tədbirdə AİP funksioneri və ilahiyyatçı alim Emil Rahiloğlu söz alıb. O, bu cür tədbirlərin keçirilməsini müsbət qiymətləndirib və hər kəsin üzərinə vəzifə olduğunu deyib. Şəhadət zirvəsinin xalqımız üçün böyük bir nemət olduğunu deyən ilahiyyatçı, şəhid sözünü ilk dəfə 20 yanvar faciəsindən sonra eşitdiyini diqqətə çatdırıb: “20 yanvar faciəsi xalq oyanış hərəkatının müqəddiməsi və müstəqillik qazanmağımızın ən mühüm səbəblərindən biridir. Şəhidlərimiz vətən uğrunda insan üçün ən əziz olan canlarını fəda ediblər. Maraqlı olan budur ki, biz cəmiyyət olaraq şəhidlərimiz üçün nə etmişik? Şəhid anlayışının və şəhidlərimizin cəmiyyətdə tanıdılması və yaşadılması üçün ölkənin bütün təbəqələri əl-ələ verməli və bu istiqamətdə ciddi addımlar atılmalıdır” – deyə Emil Rahiloğlu sözlərinə əlavə edib.
Tədbir digər iştirakçıların çıxışları ilə sona çatıb. /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru