Natiq Cəfərli: ''Hökumət böhrana kompleks yanaşmır''

Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
 
İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşib və bu proses indi də davam edir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyini diqqətə çatdırıb.
 
Meydan TV müşavirədə səslənən fikirlərə iqtisadçı Natiq Cəfərlinin  münasibətini öyrənib.
 
 
- Natiq bəy, prezidentin 18 yanvar müşavirəsi haqda ilk təəssüratınız necədir?
 
- Artıq hakim elita vəziyyətin ağır və gərgin olduğunu hiss etməyə başlayır. Əvvəlki müşavirələrdə bütün çıxışlar böhranın keçicidi olacağı, neftin qiymətinin yüksəlməsindən sonra yenidən köhnə sistemlə idarəetmənin davam edəcəyi üzərində qurulurdusa, indi bir az fərqlidir. Bundan əvvəlki müşavirələrdə ritorika Azərbaycanın daim inkişaf etməsidi idi, bu gün isə problemlərin olduğu prezident tərəfindən də etiraf olunur. Bir neçə maraqlı məqam da var idi, özəlləşdirməni nəzərdə tuturam.
 
- Elə sosial şəbəkələrdə bunun mümkünlüyü ətrafında daha çox sual ifadə olunurdu, özünüz bu barədə nə deyə bilərsiniz?
 
- Əslində, biz illərdir özəlləşmənin labüdlüyü haqqında danışırdıq. Çünki dövlət iqtisadiyyatda ən pis menecmentdi. Nə qədər ki, dövlət idarə edir, daha çox bərbadlıq və itkilər də yetərincə olur, effektivlik isə az olur. Sadəcə, Azərbaycanda birinci özəlləşdirmənin çox pis təcrübəsi var. Birinci özəlləşdirmə dövründə Azərbaycan iqtisadiyyatı heç bir xeyir götürmədi. Hakimiyyətə yaxın qruplar özəlləşdirmədən istifadə edərək, paytaxtın müxtəlif yerlərindəki müəssisələri özlləşdirərək, ancaq torpağına görə bundan istifadə etdilər. Sonradan tikinti bumu yaşandı və nəticədə milyonlarla vəsait qazanıldı. Yəni birinci özəlləşdirmə davamlı xeyir gətirmədi. İndiki durum elədir ki, xarici investordan fərqli olaraq, daxil investorun bu özəlləşdirmədə iştirak etmək imkanı yoxdur. Xarici investorların isə öz tələbləri var ki, bunlardan birincisi azad və şəffaf məhkəmə sistemidir. Azərbaycanda azad və şəffaf məhkəmə sistemi olmayacaqsa, heç bir investor gəlməyəcək. Çünki yaxın tarixin acı təcrübələri var, Hüseyn Arabul, Paola Pərviz və yüzlərlə mətbuatda bilinməyən türk, Avropa iş adamlarının ölkədən getməsi barədə məlumatlar yetərincədir. O cümlədən, beynəlxalq reytinqin də bu məsələdə ciddi rolu var, ölkənin imicini kənara qoya bilmərik. Beynəlxalq reytinq aşağıdırsa, heç bir investor Azərbaycana gəlməz. Yalnız neft-qaz sektorunda fərqli yanaşma olur, çünki bu sektorda oyun qaydaları tamam fərqlidir. Bütün müqavilələr konstitusiyadan üstün qüvvəyə malikdir. Ona görə də xarici investorlar neft-qaz danışıqlarında məmnuniyyətlə iştirak edirdilər. Ancaq qeyri-neft sektoruna və normal iqtisadiyyata yatırımlar üçün güvən lazımdır. Güvən yoxdursa, onlar gəlməyəcək. Daxili investorlara gəlincə, onlarım imkanlarının çox məhdud olduğunu nəzərə almalıyıq. Məsələ ondadır ki, Azərbaycanda rəsmi milyonçu yoxdur, postsovet məkanında yalnız Türkmənistanda oxşar vəziyyətdir. Rəsmi milyonçu yoxdursa, bu özəlləşdirmədə kimlər və necə iştirak edəcək?! Yaxud yenə 90-cı illərdə olduğu kimi məmurlara yaxın şirkətlər torpaqlara görə yatırım qoyacaqlarsa, bunun heç bir effekti olmayacaq, əksinə daha kəskin böhrana aparacaq. Bir daha deyirəm, özəlləşdirmə özü-özlüyündə yaxşı qərardır, amma bunun kompleks şəkildə işlənmiş proqramı və paralel şəkildə islahatlar olmalıdır. 
 
- Bəs ofşor zonalardakı şirkətləri vasitəsilə özəlləşdirməyə girə bilərlərmi?
 
- Əgər ölkənin gələcəyinə inam yoxdursa, həmin investisiyanı niyə itirsinlər ki? O pulları Azərbaycandan ona görə çıxarmışdılar ki, gələcəkdə özlərinə xaricdə  təminatlı həyat qura bilsinlər. Onsuz da özləri Azərbaycanda biznes potensuialının olmadığını yaxşı bilirlər. İkinci məqam odur ki, Azərsu, Azerenerji, Dənizgəmiçiliyi, heç biri effektiv idarəetməyə malik deyil və ştatlar həddən artıq şişirdilib. Lap normal özəlləşdirmə oldu və xarici investor gəldi, ilk görəcəyi iş idarəetmənin optimallaşdırılması olacaq. Bu isə ixtisarlardan keçir, hökumət düşünməlidir ki, özəlləşdirmə nıəticəsində minlərlə işçisi olan Azərsuda ciddi ixtisarlar gedəcək. Hökumət, sosial həyat, iqtisadiyyat bu ixtisarlara hazırdırmı? Xeyr, hazır deyil. Əslində, indiki şəraitdə özəlləşdirmənin olması da az ehtimallıdır, səbəb də hökumət nəyin necə edilməsini bilməməsidir. Həm antiböhran proqramları yoxdur, həm də planları, bəzən verdikləri qərarları da bir neçə gün sonra ləğv edirlər.  Bu, hökumətin böhrana kompleks yanaşmasının olmamasını göstərir. 
 
- Prezident dedi ki, Azərbaycan postsovet məkanında böhranın ən az təsir etdiyi ölkədir, bu barədə nə deyə bilərsiniz?
 
- Çox mübahisəli məsələdir və hətta yanlışlıq da var. Milli valyutaları götürdükdə, Azərbaycan nəinki postsovet məkanında, hətta dünyada autsayder durumundadır. Hətta manat "Bloomberq" Agentliyinin bununla bağlı araşdırmasında ən çox dəyərdən düşmüş valyuta sayılırdı. Çox kəskin devalvasiya iqtisadi fəallığı da aşağı saldı. Makroiqtisadi göstəricilərə baxdıqda isə həm adambaşına düşən ÜDM-da, həm orta aylıq əməkhaqqında, həm də orta aylıq pensiyada Azərbaycan MDB məkanının autsayder ölkələrinin biridir. 
 
- Sizcə, müşavirənin nəticəsi necə olacaq? Dollarlaşma və süni qiymət artımı barədə prezidentin dediklərini nəzərdə tuturam...
 
- Əslində, hökumətin süni bahalaşma ilə bağlı götürdüyü kurs səhvdir və qiymət artımı sürətlənəcək. Fevralın əvvəllərindən görəcəyik ki, ərzaq məhsulları və məişətdə istifadə olunan əşyalara qədər mallar bazarlardan çəkiləcək. Çünki nə qədər çox inzibati müdaxilələr olursa, biznesin fəaliyyəti zəifləyir, sonradan qiymət artımı daha sürətlə gedir. Əgər inzibati müdaxilə olursa, bu, zəncirin son halqası olan orta sahibkara, satıcıya deyil, iri şirkətlərə qarşı olmalıdır. Hələ bu görünmür, daha çox yumurtanın və çörəyin qiymətini qaldıranlar cəzalandırılır. Ona görə hökumətdə sovetdən qalma süni qiymət artlmı varsa, yaxşı heç nə vəd olunmur. Valyuta bazarının sərtləşməsinə gəlincə, inzibati qaydalarla valyuta bazarını tənzimləmək çox ağır sonluqla yekunlaşır. Hətta Rusiya da inzibati tənzimləməyə getmədi. Hakimiyyət inzibati vasitələrə əl atsa, "qara bazar"ın genişlənməsinin şahidi olacağıq. Nəticədə rəsmi məzənnəylə "qara bazar" arasında ciddi fərq yaranacaq.meydantv /
 

Google+ WhatsApp ok.ru