“Günəşli”dəki yanğın hələ də davam edir

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
 
Bu haqda Modern.az saytına məlumat verən Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, xilsaedicilər sahilboyu ərazilərdə müşahidələr aparır: “Hazırda Fövqaladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi, SOCAR-ın gəmiləri ilə birgə soyutma işlərini davam etdirir”.
O.Bayramov deyib ki, yanğın hələ də davam edir: “Ümumilikdə 7 quyuda baş verən yanğından sonra 3 quyunun söndürülməsinə nail olunub. Buna baxmayaraq 1 neft və 3 qaz quyusunda yanğın söndürmə işləri davam etdirilir”.
 
Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi.
 
Nəticədə itkin düşən neftçilərdən 11 nəfərin cəsədi tapılaraq ailələrinə təhvil verilib. Daha 19 nəfərin axtarışları davam etdirilir. /
 

Google+ WhatsApp ok.ru