Müəllimlərin bölgələrdə yoxa çıxan ''əmək haqları''...

“Müəllimlər 3 ay maaş ala bilməsələr də, səslərini çıxarmırlar”

 
“Üç aydan çox müddətdir ki, əmək haqqı ala bilmirik. Respublikanın bütün rayonlarındakı müəllimlər əmək haqqını alıb, bir bizdən başqa”, - Ağcabədinin Hindarx qəsəbəsinin musiqi müəllimi Zöhrab Hüseynovun sözləridir.
 
Z.Hüseynov deyir ki, çalışdığı məktəbin, eləcə də, rayonun digər məktəblərinin müəllimləri 3 aydır əmək haqqı ala bilmirlər. Ancaq nədənsə səslərini çıxarmırlar:
 
“Səbəb də müdiriyyətin onları test imtahanı ilə qorxutmasıdır. Nəticədə özünə güvəni olmayan müəllim heyəti əmək haqqı tələb edə bilmir. Ya özlərinə güvənmirlər, ya da qorxurlar. Bir balaca səsini çıxaranlara da deyirlər ki, sizi müəyyən bəhanələrlə işdən çıxararıq”.
 
Zöhrab Hüseynov deyir ki, Ağcabədi rayonunda özbaşınalıq baş alıb gedir:
 
“Bəzi vəzifəli şəxslər öz şəxsi mənafeləri naminə dövlət bankına ziyan vurub. Aldığım məlumata görə, Ağcabədi rayonunun büdcəsini talan ediblər. Nəticədə, olan sadə vətəndaşlara olub”.
 
 
“2 ay idi maliyyə problemi var idi”
 
Problemlər bağlı Ağcabədi rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. İcra Hakimiyyətindən Təhsil Şöbəsi ilə əlaqə saxlamağımızı məsləhət bildilər: “Bu barədə məlumat olsa-olsa təhsil şöbəsində olacaq”. 
 
Ağcabədi Rayon Təhsil Şöbəsindən isə özünü Şəbnəm kimi təqdim edən əməkdaş bildirdi ki, bəli, bir neçə ay idi maliyyə problemi var idi: “Bu da bizimlə bağlı deyildi. Maliyyəlik idi. Müəllimlər 3 aya yaxın idi ki, əmək haqqı ala bilmirdilər. Bizə də “büdcədə vəsait çatışmazlığı var” - demişdilər. Ancaq problem həllini tapdı. Artıq pul köçürülüb”.
 
Təhsil Şöbəsindən onu da dedilər ki, dünəndən müəllimlərin əmək haqları paylanmağa başlanıb: “2-3 günə qədər bütün müəllimlər maaşlarını almış olacaqlar”.
 
 
Azərbaycanın bölgələrində əmək haqqı problemləri yaranıb
 
480 şagirdin təhsil aldığı Qubanın Elşad Bayramov adına Alpan kənd orta məktəbinin 42 müəllimi də maddi çətinliklə üzləşmişdi. Bu ilin yanvar ayının əmək haqqının gecikməsi müəllimlərin narazılığına səbəb olmuşdu.
 
Əslində müəllimlər yeni ildə əmək haqqı gecikiməsi yox, maaş artımı gözləyirdilər. Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov artımı Azərbaycan Prezidentinin bir il bundan əvvəl bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncama uyğun olaraq həyata keçiriləcəyini də demişdi. meydantv /
 
 
 
“Orta hesabla bir dərs saatının dəyəri təxminən 35 faiz artacaq”
 
Nazir müavini 2015-ci il yanvarın 1-dən Bakı şəhərində müəllimlərin əmək haqlarının artımının baş verdiyini, eyni qayda ilə bu ilin yanvarında 3 şəhər, 9 rayonda da əmək haqlarının artacağını söyləyib: “Orada sınaq qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması artıq yeni qaydalarla - 18 saatlıq stavka üzrə hesablanacaq. Əmək haqları da həmin yeni qaydalarla hesablanacaq. Orta hesabla 1,5 dəfə dərs yükü norması, iki dəfə isə əmək haqqı artırılacaq. Orta hesabla bir dərs saatının dəyəri təxminən 35 faiz artacaq”.
 
Ağcabədinin Hindarx qəsəbəsinin musiqi müəllimi Zöhrab Hüseynov isə 3 ay idi ki, quruca maaşını ala bilmirdi, qaldı, artım ola...
 
Prezidentin bir neçə gün əvvəl verdiyi sərəncamla müəllimlərin maaşı 10 faiz artıb. Ancaq onlar hələ bu məbləği fevral ayından alacaqlar.
 

Google+ WhatsApp ok.ru