“Sovetski”yə görə daha iki nəfər həbs olundu

İradə Cavadova: `İcra başçısıdır deyə, onun bir ərizəsilə üç nəfər günahsız adam həbsdə saxlanmalıdır?`

“Sovetski”dən köçürülən sakinlər üçün elə həmin ərazidə ucuz qiymətə ev tikilməsi təşəbbüsü ilə çıxış etdikdən dərhal sonra Yasamalın icra başçısının ərizəsilə saxlanılan üç nəfərin işi üzrə daha bir məhkəmə prosesi yekunlaşıb. Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə onların barəsində çıxarılmış qərar açıqlanıb.
 
Qeyd edək ki, “DES Consulting” şirkətinin baş direktoru Nazim Səmədov, şirkətin prezidenti Asəf Hacı-Ismayılov və layihə meneceri Orxan Fərhadov “Sovetski” sakinləri üçün kooperativ qaydada 16 mərtəbəli, 9 bloklu, 810 mənzilli bina tikilməsi təklifini irəli sürüblər. Onlar bununla əlaqədar mətbuat konfransı keçirərək bildirmişdilər ki, məqsədləri həm evinin sahəsinin və kompensasiyanın azlığı üzündən özünə mənzil ala bilməyən sakinlərin ucuz qiymətə evlə təmin olunmasına yardım etmək, həm də hər kvadrat metrdə 5 manat özlərinə qazanc götürməkdir. Binanın tikintisini də onlar yox, podratçı şirkət həyata keçirməli idi. Adları çəkilən şəxslər həmin mətbuat konfransında dövlət başçısına müraciət edərək, ondan torpaq sahəsi ayrılması və binanın tikintisində yarana biləcək süni maneələrin qarşısının alınmasına yardım göstərməsini xahiş etmişdilər. Elə həmin mətbuat konfransının ertəsi gün də hər üçü Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyevin ərizəsi əsasında saxlanıldılar və barələrində dələduzluğa cəhd ittihamı ilə cinayət işi başlandı. Iddia olundu ki, bu adamlar əslində, vətəndaşları aldatmağa çalışıblar, onlara ziyan vurublar.
 
Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə zərərçəkmiş qismində tanınan şəxslər bildirdilər ki, onlara heç bir ziyan dəyməyib. Elə təqsirləndirilən şəxslər də heç kimdən bir manat pul almadıqlarını, sadəcə, icra başçısının göstərişilə həbs olunduqlarını bildirdilər. Onların sözlərinə görə, məmurlar digər sahələrdə olduğu kimi, “Sovetski” məsələsini də monopoliyada saxlayırlar.
 
Buna baxmayaraq, məhkəmə onları təqsirli bildi və Nazim Səmədovun 6 il azadlıqdan məhrum edilməsi, Asəf Hacı-Ismayılov və Orxan Fərhadovun hər birinə isə 6 il şərti cəza verilməsi barədə hökm çıxardı.
 
Həm vəkillər, həm də prokuror hökmdən narazı qalaraq, apelyasiya məhkəməsinə müraciət etdi. Vəkillər müvəkkillərinə bəraət verilməsini, prokuror isə şərti cəza alanların da həbs olunmasını istəyirdi. Dünən Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərar prokurorun istəyinə uyğun olub – şərti cəza verilmiş iki nəfər də 6 il azadlıqdan məhrum edilib. Nazim Səmədovun 6 illik həbs cəzası da dəyişdirilmədən saxlanılıb.
 
Qərardan əvvəl isə təqsirləndirilən şəxslər bir daha vurğulayıblar ki, onlar heç bir cinayət törətməyiblər.
 
Elə vəkillər də ittihamların əsassız olduğunu, onların cinayət törətdiyinə dair heç bir mötəbər sübut olmadığını bildiriblər.
 
“Birinci instansiya məhkəməsi ittiham aktında yazılanları köçürüb, cüzi dəyişikliklə hökm çıxardı. Bu adamlar kimin etibarından sui-istifadə ediblər? Kimi aldadıblar? Zərərçəkmiş kimi təqdim olunan şəxslər özləri də məhkəmədə dedilər ki, onlara bir manat da ziyan dəyməyib. Əgər bunlar bir manat da pul almayıblarsa, burada hansı dələduzluğa cəhddən söhbət gedə bilər? Ibrahim Mehdiyevin ərizəsi araşdırılmadan üç nəfər cinayət məsuliyyətinə cəlb olunub. Nə olsun ki, icra başçısıdır?! Indi icra başçısıdır deyə, üç nəfər günahsız adam həbsdə saxlanmalıdır?”, – deyə Iradə Cavadova bildirib.
 
Məhkəmədən sonra Iradə Cavadova qərarın ədalətsiz olduğunu və Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyib. Qeyd edib ki, məqsəd bu işi Avropa Məhkəməsi müstəvinə çıxarmaqdır.
 
Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi Nazim Səmədov ədalətsizliyə etiraz olaraq, yanvarın 19-dan aclıq edir: “Nazim Səmədovun səhhətində çox ciddi problemlər var. O, xeyli vaxtdır Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılırdı. Bu adamın həyatı təhlükədədir”.(azadlıq)

Google+ WhatsApp ok.ru