​Nemət Pənahlı saxlanılıb,buraxılıb-YENİLƏNİB

Milli Dövlətçilik Partiyasının həbsdən yeni çıxmış sədri Nemət Pənahlı və onun bacısı oğlu Əbülfəz Allahverdiyevi polisin saxladığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna danışan N.Pənahlı qeyd edib ki, AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirən bir qrup şəxsə söyüş söydükləri üçün irad bildirdiyindən saxlanıb.

«Mən də həmin binada yaşayıram. Ora toplaşanlar söyüş söyür, binada yaşayan insanların rahatlığını pozurlar. Xəstə var, yaşlı var. Rahatlığımız pozulur. Ancaq ətrafda olan polislər müdaxilə etmirlər. Aksiya iştirakçılarına irad bildirdikdə polislər məni saxladılar», - deyən N.Pənahlının yanına gələn bacısı oğlu da saxlanaraq polis bölməsinə aparılıb.

N.Pənahlı izahatlarının alındığını, ardınca sərbəst buraxılacaqlarını deyib.

***
Polis Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun bacısı oğlu Əbülfəz Allahverdiyevi saxlayıb.
"Report"un xəbərinə görə, buna səbəb N.Pənahlının Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında keçirilən aksiyaya etiraz etməsi olub.
Partiya sədri özünün də həmin binada yaşadığını əsas gətirərək, rahatlığının pozulduğunu bildirib və etiraz aksiyasının dayandırılmasını istəyib.
Bununla da aksiya iştirakçıları ilə N.Pənahlı arasında mübahisə yaşanıb. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları onu və bacısı oğlu Ə.Allahverdiyevi saxlayıb./

Google+ WhatsApp ok.ru