Mirvari Qəhrəmanlı: “Həlak olan neftçilərin ailələrindən elələri var ki, sabah harada qalacağını bilmir”

4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb. Bir neçə gün əvvəl Xəzər dənizinin Türkmənistan sahillərində tapılan və identifikasiya zamanı Edik Rzaxanova məxsus olduğu müəyyən edilən meyit ötən gün dəfn edilib.
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, İyun ayına qədər neftçilərdən kimlərinsə meyiti tapılacaqsa, o təhvil veriləcək. Tapılmayan meyitlər  isə ölmüş hesab ediləcək: “10-cu platformada həlak olan neftçilərin axtarılması və axtarışın dayandırlması ilə bağlı rəsmi heç bir məlumat yoxdur və olacağını da düşünmürəm. Heç o neftçilərin axtarışları da aparılmır. Sadəcə olaraq əsasən Türkmənistan sahillərindən tapılan meyitlər sadəcə olaraq ailələrinə təhvil verilir. Bu heç Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış tədbirləri nəticəsində tapılan meyitlər deyil. İyun ayına qədər neftçilərdən kimlərinsə meyiti tapılacaqsa, o təhvil veriləcək. Tapılmayan meyitlər isə ölmüş hesab ediləcək. Öz yaxınlarını tapa bilməyən ailələrdəki narazılıq da elə bu məsələ ilə bağlıdır. Hər bir ailə istəyir ki, əzizi müsəlman adət-ənənəsinə görə dəfn edilsin. Hələ ki, vəziyyət bizim nəzarətimizdədir və prosesləri izləyirik.
 
Burada ən böyük narahatlıq ailə başçılarının, övladların itirilməsidir. Həlak olanların ailələrinə müavinətlərin verilməsi ilə bağlı hələ ki, heç bir narazılıq yoxdur. Amma bilmək lazımdır ki, həlak olanların ailələrinə birdəfəlik verilən müavinətlərlə problemi həll etmək olmaz. Hətta elə ailələr var ki, sabah harada yaşayacaqlarını bilmirlər. Həlak olanların bəziləri kirayədə qalırdı və ümid edirdilər ki, yaxın gələcəkdə evləri olacaq. Mən bu mövzu ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Müavinətlər veriləcək və xərclənəcək. Amma ailələrin problemi ömürlük qalacaq"./
 

Google+ WhatsApp ok.ru