“... Mürəbbə bişirməyə adamın əli gəlməz” - Başıbəlalı gilasımız

“... Mürəbbə bişirməyə adamın əli gəlməz” - Başıbəlalı gilasımız

Azərbaycandan Rusiyaya aparılan gilasların gömrükdən buraxılmaması mətbuatda geniş müzakirə olunmuşdu. Yerli gilasımıza qadağa qoyan “Rosselxoznadzor” Federal Xidməti buna səbəb kimi meyvənin qurdlu olduğunu iddia etsə də, təşkilatın əvvəllər də Azərbaycandan ixrac olunan meyvə-tərəvəzin artmasından narahat olması barədə xəbərlər yayılmışdı. Bundan başqa, ölkə bazalarında da gilasın qiymətinin baha olmasını, vişnənin isə ümumiyyətlə, tapılmamasını meyvənin Rusiyaya idxalı ilə əlaqələndirənlər də az deyil.

Elə bu məqamda “Qafqazinfo”nun əməkdaşları Bakının məşhur Keşlə bazarında gilas və vişnənin qiymətləri ilə maraqlanıb.

Bazarda gilasların sortları qədər qiymətləri də fərqlidir. Ancaq piştaxtalarda yay aylarının ən sevilən meyvəsi olan vişnə elə də gözə dəymir. Satıcılar bunun səbəbini hava şəraitinin pis olmasında görür:

“Bu il hava yağışlı olduğu üçün meyvə tapılmır. Ona görə də, vişnə çox bahadır. 4 manata elə yerindən alırıq, 5 manata da özümüz satırıq. Müştərilər də bu qiymətə meyvə almaq istəmir. Ona görə satıcıların çoxu vişnədən imtina edib. Daha çox ucuz olduğu üçün ağ gilas və ya öküz ürəyi gətirirlər. Öküz ürəyinin qiymətləri də müxtəlifdi. 3 manata da var, 5-6 manata da”.

 

öhbətləşdiyimiz alıcılar da ötən illərdə 1 manat 50 qəpiyə, 2 manata vişnə tapa bildiyi halda, bu il ən ucuzunun kilosunun 3-4 manata olduğunu söyləyir: “Əsas mürəbbə bişirdiyimiz, kompot etdiyimiz meyvə vişnədir. Onu da bu il tapmaq mümkün deyil. 5 manata aldığı meyvədən mürəbbə bişirməyə adamın əli gəlməz, hazırı daha ucuzdur”.

Satıcılar vişnənin az olmasına başqa bir səbəb olaraq meyvənin Rusiyaya idxal edilməsini göstərirlər.

Bazarda ümumi qiymətlərsə, belədir: Ramanovka - 8 manat, öküz ürəyi - 5-6 manat, Napoleon – 7 manat, ala gilas 2 manat 50 qəpik, ağ gilas - 2-3 manat, vişnə isə 4-6 manat. Meyvə əsasən Qubadan gətirilir.

 

Məlumat üçün onu da qeyd edək ki, gilasın təsiri və faydası rəngiylə doğru mütənasibdir.Gilasın rəngi tündləşdikcə ehtiva etdiyi vitamin miqdarıda artır. Fiziki yorğunluqdan əmələ gələn ağrılara bilavasitə təsiri olan gilas həzm sistemini ən yüksək səviyyəyə daşıyan antioksidantdır.

Həkimlər yay aylarında, xüsusilə də iftar zamanı gilas yeməyi məsləhət görür.

Google+ WhatsApp ok.ru