“Günəşli” yatağında qaz quyusunda yanğın olub - YENİLƏNİB

“Günəşli” yatağında qaz quyusunda yanğın olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə bağlı məlumat yayıb.
 
FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, sentyabrın 26-da Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb.
 
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri dərhal özülə yan alıb və təhlükəsizlik tədbirlərinin görülməsinə başlanıb.
 
Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.
 
 
***
Sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü yaranıb və yanğın baş verib.
 
SOCAR-dan APA-ya verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.
 
Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
 
Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.
 

Google+ WhatsApp ok.ru