“Əl-Əqsa” məscidinin girişindəki metal detektorlar götürüləcək

“Əl-Əqsa” məscidinin girişindəki metal detektorlar götürüləcək

Fələstinlilər artıq 9-cu gündür ki, Qüdsdə “Əl-Əqsa” məscidinin girişindəki metal detektorların quraşdırılmasına etiraz olaraq məscidə girməkdən imtina edərək məscidinin önündə namaz qılır. 
 
Maide.Az xəbər verir ki, işğalçı İsrail polisi ötən gün  Əqsa məscidinin müsəlman mühafizəçilərini və işçilərini  metal detektorlardan keçməyi qəbul etmədikləri üçün məsciddən çıxardıb və onların məsciddə namaz qılmasına icazə verməyib.  
 
Digər bir məlumata görə, Qüdsdə “əl-Əqsa” məscidinin girişindəki metal detektorlar götürüləcək. Bu barədə “The Jerusalem Post” qəzeti yazıb.
 
Məlumata görə, müvafiq qərar İsrail Təhlükəsizlik Kabineti tərəfindən qəbul olunub. Metal detektorları nəzarət kameraları əvəzləyəcək. Bununla əlaqədar işğalçı İsrail polisi və təhlükəsizlik tədbirləri ilə məşğul olan şirkətlər arasında danışıqlar aparılıb.
 
Qeyd edək ki, məscidin içində 3 fələstinlinin şəhid edilməsindən sonra orada ibadət qadağan edilmişdi. Daha sonra məscidin iki qapısı açılsa da, ora metal detektorlar quraşdırılmışdı ki, bu addım etirazlara səbəb olmuşdu. Fələstinlilər öz etirazlarını bu qapıların önündə namazlarını qılaraq bildirirdi. 
 
"əl-Əqsa" məscidinin işğalçı rejim tərəfindən işğalı və məscidin girişində metal detektorların quraşdırılması dünyanın bir çox ölkələrində etiraz aksiyaları ilə qarşılandı. Bir çox ölkələrdə İsrail əleyhinə etiraz aksiyaları keçirildi və "əl-Əqsa" məscidinə olan hörmətsizliyə son verilməsi tələb olundu. 

Google+ WhatsApp ok.ru