“İt dişləməsindən həyatini itirən insan heyvandan qiymətsizdirmi?”

“İt dişləməsindən həyatini itirən insan heyvandan qiymətsizdirmi?”

Quduz it 5 yaşlı uşağı öldürdü, müzakirələr yenidən intensivləşdi...

Pediatr Vaqif Qarayev: “Sahibsiz itlər ya öldürülməli, ya da...”
 
İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib və onun ölümünə səbəb olub. İt uşağın başından dişləyib, xəstəxanaya gətiriləndə isə ölümcül vəziyyətdə olub. Həkimlər ona vaksin vursalar da, həyatını xilas edə bilməyib.
 
Bu isə sahibsiz itlərlə bağlı paytaxtda baş verən ilk faciə deyil. Bu günə qədər dəfələrlə sahibsiz itlərin azyaşlıları, qadınları dişləməsi, quduzluq yayması kimi xəbərlər mediada yayılıb. Sahibsiz və quduz itlərin yığılması, öldürülməsi kimi təkliflər zaman-zaman səslənir və bu, etirazla qarşılanır. Amma sahibsiz itlər də can almaqda davam edir.
 
Pediatr Vaqif Qarayev bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, bildirib ki, "it mövzusu" aktuallaşir və vaxtaşiri şəhərdə sahibsiz itlər çoxalir: “İndi oxudum Sumqayitda it azyaşli uşaği parçalayib. Dünən dostlardan biri yazmişdi ki, itlər parklarda, müxtəlif istirahət məkanlarinda, həyətlərdə, hətta bloklarda sürü ilə gəzir.
 
Tutaq ki,heç kimi dişləmədi, heç kim quduzluğa yoluxmadı. Amma hamı bilir ki, sahibsiz itlər müxtəlif xəstəliklərin mənbəyidir! Müvafiq dövlət qurumları təlimata uyğun sahibsiz itləri öldürəndə heyvan hüquqları müdafiəçiləri çox emosional şəkildə etiraz edir. Anladıq heyvan sevgisini… Amma it dişləməsindən həyatini itirən insan heyvandan qiymətsizdirmi? Sahibsiz itlər ya öldürülməli, ya da baytar nəzarətinə alınıb, müxtəlif məkanlarda sterilizasiya olunmalı, vaxtında peyvəndlər almalıdır”.
 
Yetkililər isə məsələnin həlli ilə bağlı stabil təkliflər səsləndirir. Belə ki, sakinlər sahibsiz küçə itlərinə rast gəldikdə regionlarda yaşayırlarsa, rayon mərkəzlərində icra hakimiyyətinin tabeliyində olan mənzil kommunal təsərrüfatı birliklərinə, Bakıda və yaxud Sumqayıtda yaşayırlarsa, hər iki icra hakimiyyətinin tabeliyində olan Sahibsiz Heyvanlara Qarşı Mübarizə idarələrinə müraciət etməlidir. Həmin idarələr küçə itlərini tutmalı və müvafiq sığınacaqda yerləşdirməlidir. Sığınacaqlarda həmin itlərə baytar həkim nəzarət edir, müalicə lazımdırsa aparılır. İtlər quduzdursa, zərərsizləşdirilir.
 
Sakinlər sahibsiz küçə itlərinin quduz olmasından şübhələnsələr belə, itlər sığınacaqlara yerləşdirildikdən sonra baytar həkim müayinə edərək onların quduzluğa tutulması və müalicə olunmaması barədə rəy verir. Yalnız həmin rəyə əsasən itlər zərərsizləşdirilir. Quduz itlər mütləq zərərsizləşdirilməlidir. Çünki qısa vaxt ərzində həm itləri, həm də insanları yoluxdururlar.
 
Ümumiyyətlə, küçə itlərində aqressiyanın, quduzluğun yayılması təbiətdə olan hal kimi qiymətləndirilir və buna qarşı mübarizə aparmağın mümkünsüz olduğu deyilir. Bakıda 1 milyona yaxın it var. Onların hamısını saxlamaq üçün praktik baxımdan imkan yoxdur. Bakı Baytarlıq İdarəsi həmin küçə itlərini saxlamaq yox, qısırlaşdırmaq üçün funksionallaşıb.
 
Avqust ayının üçüncü şənbəsi Beynəlxalq Sahibsiz Heyvanlar Günü (International Homeless Animals Day) kimi qeyd olunur. Bu tarix təqvimə Beynəlxalq Heyvan Haqları Cəmiyyətinin təşəbbüsü ilə daxil edilib. Təşkilat bu təkliflə 1992-ci ildə çıxış edib. Müxtəlif ölkələrin heyvanları müdafiə təşkilatları bu təşəbbüsü dəstəkləyiblər.
 
Statistikaya görə, hər il dünyada 75 milyon, yəni saniyədə bir heyvan qətlə yetirilir. Bundan başqa, ildə 2 milyondan çox heyvan saat, kəmər, pulqabı tikilmək üçün öldürülür. Çində hər il 10 milyon it və pişik isə digər geyim aksessuarı hazırlamaq üçün məhv edilir. Həm də problem heç də təkcə ev heyvanlarıyla bağlı deyil. (musavat) /

Google+ WhatsApp ok.ru