‘Qış gəldi, qaz qəhətə çıxdı’

‘Qış gəldi, qaz qəhətə çıxdı’

“Azərbaycan” qəzeti “Qış gəldi, qaz qəhətə çıxdı” adlı məqalədə
 
əhaliyə qaz verilişindəki problemləri, istehlakçı şikayətlərinə müvafiq qurumların ciddi yanaşmamasını tənqid edir.
 
Qəzet yazır ki, Çağrı Mərkəzi olan “104- Operativ Xidməti” edilən zənglərə saatlarla cavab vermir: “...bu nömrə "operativ xidmət” üçün nəzərdə tutulsa da, ona operativ düşmək hər adama nəsib olmur, bunun üçün dəqiqələr yox, saatlar lazım gəlir”.
 
​Məqalədə qeyd olunur ki, davamlı zənglərdən sonra abonent xəttin o başında probleminin səbəbini və nə zaman aradan qaldırılacağını eşitmək istəsə də, əvəzində virtuoz sənətkar Vaqif Mustafazadənin təkrarsız ifasına qulaq asmaq imkanı qazanr, özü də saatlarla:
 
“O səbəbdən ki, probleminizi eşidib operativ tədbirlər görməli olan "bütün operatorlar məşğuldur” və bu məşğulluğun da nə vaxt qurtaracağını bilən yoxdur, hətta bilən varsa, ona nə əl çatır, nə də söz”.
 
​Qəzet daha sonra bir qrup Bakı sakininin artıq dörd gündür “boru xəttində baş vermiş zədələnmə” ucbatından qazsız qaldıqlarını nəzərə çatdırır:
 
“Nə etməli, hadisədir olub. Amma olmalı olmayan odur ki, adi bir boruda baş verən zədənin təmiri günlərlə uzanır və nəticədə təxminən 2000 abonent, yəni hər biri orta hesabla 3-5 nəfərlik ailə ilin-günün bu vaxtında qazsız qalır!”.
 
Qəzet bu süründürməçiliyi əsassız sayır: “...nə Bakı ucqar şəhərdir, nə də Azərbaycan yoxsul ölkə! Paytaxtımız neft-qaz yataqlarının üstündə salınıb, Azərbaycan hökuməti, xüsusən dövlət başçısı isə ölkənin təbii qazla tam və normal təchizatı üçün mümkün olanları edir”.
 
​Məqalədə vurğulanır ki, xüsusən qış aylarında ölkənin bütün ərazilərində, o cümlədən paytaxtda qazla təchizatda tez-tez fasilələr yaranr, “Azəriqaz” bunu aparılan "profilaktik işlər”lə əlaqələndirir, amma həmin işlərin niyə mütləq havalar soyuyanda keçirilməsinin səbəbini izah etmir.
 
Qəzet yazır ki, hələ payızda "Azəriqaz” qışa tam hazır olduğunu bildirsə də, qış gəlməmiş qaz qəhətə çıxıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru