ABŞ-dan ilin son ikiüzlülüyü

Departament sözçüsü ANS-in girovlarla bağlı sualından yenə yayındı
Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş və qondarma məhkəmə prosesi ilə iş kəsilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ANS-in Vaşinqtondakı müxbiri Dövlət Departamentinin münasibətini bir daha öyrənməyə çalışıb. Ötən gün də ANS Departamentin sözçülərinin keçirdikləri ənənəvi brifinqdə girovlarımızla bağlı keçirilən qondarma məhkəmə ilə bağlı Departamentə sual ünvanlamışdı. Bu barədə məlumatsız olduğunu deyən Dövlət Departamentinin sözçüsü Ceff Ratke brifinqdən sonra məlumat əldə edəcəyini demişdi. 
Sözçü bu gün də girovlarla bağlı ANS-in sualını cavablandırmayıb, sadəcə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ənənvi bəyanatı səsləndirməklə kifayətlənib. 
“Xüsusi olaraq bu məsələ ilə bağlı bizim hər hansı şərhimiz yoxdur. Lakin biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv addımlar atmağa təşviq etməkdə davam edirik. Biz inanırıq ki, tərəflər prezidentlərin bu il keçirilən 3-cü görüşündə yaradılan inam və etimad mühitini artıra bilərlər. Dövlət katbi Kerri də Uelsdə prezidentləri münaqişənin həlli üçün uzunmüddətli və davamlı sülh prosesinə daxil olmağa çağırıb” – deyə Dövlət Departamentinin sözçüsü Ceff Ratke vurğulayıb. /

Google+ WhatsApp ok.ru